İranın dövlət televiziyasında Azərbaycan türklərinin iyrənc şəkildə təhqüir olunmasına qarşı noyabrın 12-də Xiyavda (Meşkinşəhrdə) tutulan dinc fəal Beytullah Bərzigər noyabrın 15-dən başlayaraq saxlandığı Xiyav həbsxanasında aclıq aksiyasına başlayıb.
Aktual.az Günaz TV-yə istinadən bildirir ki, noyabrın 12-də fars rasizm və irqçiliyinə qarşı Xiyavda keçirilən kütləvi aksiyada tutulan fəal Beytullah Bərzigər, qanunsuz həbsinə və zindan məmurlarının məhbus azərbaycanlılara qarşı zorakılığına etiraz olaraq aclıq aksiyası keçirmək qərarına gəlib. Fəala yaxın mənbələrin bildirdiyinə görə, Xiyav zindanında saxlanan adi məhbuslar da azərbaycanlıların dövlət televiziyasında təhqir edilməsi xəbərini eşidəndən sonra etiraza qalxıblar. Son məlumatlara əsasən, hazırda Xiyav həbsxanasındakı vəzxiyyət gərgindir.
Xatırladaq ki, noyabrın 6-da, İranın dini lideri ayətullah Əli Xamneyinin birbaşa nəzarətində olan Dövlət Televiziyasından yayımlanan "Fitilə" adlı proqramda Azərbaycan türkləri iyrənc bir şəkildə təhqir edilərək alçaldılıb.
Noyabrın 9-da İranın azərbaycanlılar yaşayan bütün əyalətlərində yüz minlərlə insan küçələrə axışaraq fars irqçılığına qarşı etiraz yürüşləri keçiriblər. Təbriz və Urmiyada yüzlərlə azərbaycanlı fəal tutulub, bir neçə adam bədən xəsarəti alıb, bir nəfər isə polis tərəfindən öldürülüb. Hadisədən bir həftə keçməsinə baxmayaraq azərbaycanlıların etiraz aksiyaları hələ də davam edir.
Aktual.az