Ermənistanda saxlanılan azərbaycanlı girovlar və əsirlər Metsamor Atom Elektrik Stansiyasında işlədilir.
Aktual.az Femida.az-a istinadən xəbər verir ki, bu barədə Əsassız Erməni İddialarına Qarşı Mübarizə Dərnəyinin (ASİM DER) sədri Göksəl Gülbəy məlumat verib.
Onun sözlərinə görə, Qarabağ müharibəsi zamanı əsir düşmüş və girovluqda olan azərbaycanlılar daş kömür mədənləri, qızıl yataqları ilə yanaşı, həmçinin “Metsamor AES” da işlədilir.
Qeyd edək ki, Ermənistan tərəfi 23 ildir ki Azərbaycanın tələblərini qulaqardına vuraraq əsir və girovları danır, onları qaytarmaqdan imtina edir. Əsir və İtkin Düşmüş Vətandaşlarla Əlaqədar Dövlət Komitəsinin 1 yanvar 2011-ci il məlumatına görə əsir və girovların sayı 4049 nəfərdir. Ermənistanda saxlanılan əsir və girovlardan 3273 nəfər hərbiçi, 771 nəfəri mülki şəxs, 5 nəfərin isə hərbçi və mülki şəxs olması bilinməyən şəxslərdir.
İstifadə müddəti çoxdan bitən Metsamor Atom Elektrik Stansiyası 1988-ci il zəlzələsindən sonra radiasiya təhlükəsi səbəbi ilə bağlanılması müzakirəyə çıxarılıb, 1989-cu ildə bağlanıb. Köhnə texnologiya ilə inşa edilmiş Metsamor Atom Elektrik Stansiyası təkcə Ermənistanı yox, bütün bölgəni təhlükə altına atır.
Bundan əlavə Sovet hökuməti dövründə inşa edilən atom stansiyalarında VVER, PBMK, EGP və BN olmaqla dörd model reaktor istifadə edilirdi. 40 ilə yaxın aparılan təcrübə nəticəsində VVER modeli ilə işləyən stansiyaların etibarsız və təhlükəli olduğu birmənalı şəkildə təsdiq edilib. Belə ki, Ermənistandakı stansiyanın da VVER modeli ilə fəaliyyət göstərir. Həmçinin, maksimum radiasiya dərəcəsi 6 olmalı olduğu halda, Metsamor Atom Elektrik Stansiyasının radiasiya səviyyəsi 13-ü keçib.
Qeyd edək ki, əsir və girovların məcburi işlədilməsi, əməyinin istismarı, həmçinin, istifadə müddəti bitmiş atom elektrik stansiyasında işlədilməsi bütün beynəlxalq qaydalara, insan haqlarına ziddir.
Erməni əsirliyində olan azərbaycanlılara qarşı hər cür işgəncənin olduğu sirr deyil. Əsir və girovların Metsamor Atom Elektrik Stansiyasında işlədilməsi haqda olan iddialar beynəlxalq qurumlar tərəfindən ciddi araşdırılmalı və tədbir görülməlidir.