America's Got Talent Çarli Çaplin obrazı ilə amerilıların rəğbətini qazanan azərbaycanlı Üzeyir Novruzov şounun seçmə mərhələsində münsiflər heyətini yenidən heyrətləndirə bilib. İyulun 21-də NBC telekanalında yayımlanan seçmə mərhələdə azərbaycanlı Çarli Çaplin nərdivanının hündürlüyünü daha da uzadaraq onun üzərində uğurla dayana bilib.
Amerikanın Səsinin America's Got Talent şousunun veb səhifəsindən əldə etdiyi məlumata görə, Üzeyir Novruzov münsiflər heyətinin ən sevdiyi ifaçılardan birinə çevrilib. Belə ki, onun çıxışını qiymətləndirən məşhur aktyor və televiziya aparıcısı Howie Mandel rəğbətini gizlətməyib: "Sən tam bizim America's Got Talent şousunda üzə çıxartmaq istədiyimiz adamsan".
Üzeyir Novruzovu ayaq üstə alqışlayan auditoriya da onun performansını bəyəndəyinə işarə edib.
Xatirladaq ki, 4 həftə ardıcıl keçirilən JudgeCut (Münsif seçimi və ya seçmə mərhələ) mərhələsində 20 ifaçıdan yalnız 7-si canlı şoulara vəsiqə qazanır.