Azərbaycanla ABŞ arasında hərbi əməkdaşlıq məsələləri üzrə görüş keçirilib.
Aktual.az MN-in saytına istinadən bildirir ki, martın 23-də Vaşinqton şəhərində ABŞ-ın Müdafiə Departamenti ilə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi arasında NATO ilə Fərdi Tərəfdaşlıq üzrə Əməliyyat Planı çərçivəsində götürülmüş məqsədlərin yerinə yetirilməsi, NATO ilə hərbi uzlaşma səviyyəsinin yüksəldilməsi, o cümlədən digər hərbi əməkdaşlıq məsələlərinə dair ikitərəfli görüş keçirilib.
Görüşlərdə ölkələrimiz arasında strateji tərəfdaşlıq əsasında ikitərəfli və NATO proqramları çərçivəsində əməkdaşlıq, eləcə də qarşılıqlı maraq doğuran digər məsələlər və perspektiv planlar müzakirə edilib.
Azərbaycan tərəfdən nümayəndə heyətinə Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi general-mayor Hüseyn Mahmudov, ABŞ tərəfdən isə ABŞ müdafiə katibinin nümayəndəsi Maykl Karpenter rəhbərlik edib.