Ötən il dekabrın 7-də Tacikistanın Dağlıq Bədəxşan Muxtar Vilayətində baş vermiş güclü zəlzələnin nəticələrinin aradan qaldırılmasına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən Fövqəladə Hallar Nazirliyi tərəfindən bu ölkəyə göndərilən humanitar yardım Tacikistan tərəfinə təqdim edilib.
Humanitar yardımın qəbulu mərasimində Tacikistanın iqtisadi inkişaf və ticarət naziri, Tacikistan-Azərbaycan Hökumətlərarası Birgə Əməkdaşlıq Komissiyasının həmsədri Nematullo Xikmatullozoda çıxış edərək Tacikistan hökuməti və xalqı adından Azərbaycan hökumətinə minnətdarlığını bildirib.
Mərasimdə qeyd edilib ki, 11 yük maşınından ibarət və ümumi dəyəri 800 min manat olan humanitar yardıma 9.5 ton qənd, 9.5 ton şəkər tozu, 15 ton düyü, 3 ton çay, 16 tondan artıq bitki yağı, 19 ton un, 19 ton makaron, 18 tondan artıq vermişel, 2000 yataq dəsti (yastıq, odeyal, döşək ağı dəsti), 50 generator, 110 çadır, 6000 kvadratmetr dam örtüyü (dəmir şifer) və 30 kubmetr taxta daxildir.
Aktual.az