Azərbaycanın uşaq-qatilləri...

Azərbaycanın uşaq-qatilləri...

Azərbaycanda cinayət törətmiş 14-18 yaşadək uşaqların sayının ötən illərlə müqayisədə azalmasına baxmayaraq, belə hallara hələ də rast gəlinir.

2013-cü ildə Azərbaycanda cinayət törətmiş şəxslərin 3,5 faizi 14-18 yaşadək uşaqlar olsa da, ötən il bu göstərici azalaraq, 2,9-a enib.

Aktual.az bildirir ki, Trend-in Dövlət Statistika Komitəsinin göstəricilərinə istinadən verdiyi məlumata görə, ötən il Azərbaycanda yaşı 14-18-dək olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə 467 cinayət törədilib. Ötən il cinayət törətmiş şəxslərin 477 nəfəri 14-18 yaşadək uşaqlar olub.

Həmin uşaqların 233-nün cinayəti oğurluqla bağlı olub ki, bu da ötən illərlə müqayisədə çoxdur.

2010-cu ildə oğurluqla bağlı cinayət törədən uşaqların sayı 145 olduğu halda, 2011-ci ildə onların sayı 189, 2012-ci ildə 178, 2013-cü ildə 221, 2014-cü ildə 217, 2015-ci ildə isə 233 nəfər olub.

Uşaqların ötən il törətdiyi cinayətlərin 13-ü soyğunçuluq, 9-u quldurluq, 5-i dələduzluq, 31-i xuliqanlıq, 7-si narkotik vasitələrlə bağlı və s. olub.

Ötən il cinayət törətmiş uşaqların 115-i 14-16 yaşadək, 362-i 16-18 yaşadək olub. Cinayət edən uşaqların 466-ı oğlan, 11-i qız olub. Cinayətlərin 328-i qrup şəkilndə törədilib.

Təəssüf edilməli hallardan biri budur ki, cinayət törədən uşaqlar arasında qatillər də var.

Ötən il Azərbaycanda yaşı 14-18-dək olan uşaqlar tərəfindən və ya onların iştirakı ilə törədilən 467 cinayətin 53-ü ağır və xüsusilə ağır cinayətlər olub.

Statistik məlumatlara əsasən, ötən il cinayət törətmiş 477 nəfər 14-18 yaşadək uşağın 15-i qəsdən adam öldürmə və adam öldürməyə cəhd edib, 30-u qəsdən sağlamlığa ağır zərər vurub.

Ötən il məhkum olunmuş 186 nəfər 14-18 yaşadək uşağın 13-ü qəsdən adam öldürməyə, 24-ü qəsdən sağlamlığa ağır zərər vurmaya görə məhkum edilib.

Psixoloq Lalə Allahverdiyeva Trend-ə bildirib ki, son 3-4 il ərzində Azərbaycanda riskli davranışlara meyilli yeniyetmələlərin sayı artıb. Yeniyetmələri hər hansı bir qanuna zidd davranışa, eləcə də cinayət etməyə sövq edən səbəblərin çox olduğunu deyən psixoloq bu fikirdədir ki, hər cinayət əməlinin arxasında dayanan səbəblər fərqlidir.

Onun qənaətincə, bu məsələdə başlıca rol oynayan səbəblər ailənin natamam olması, ailədaxili konfliktlər, zorakılıq (ailə üzvləri arasında və ya yeniyetməyə qarşı), maddi durumun aşağı olması, böhranlı yaş dövründə yeniyetməyə düzgün yanaşmamaq, dəyərlərin itməsi, yeniyetmənin rol modellərinin problemli olması, yanlış mühit və onun mənfi təsiri, zorakılığı təbliğ edən programların yayımlanması, yazıların dərci və.s əsas yer tutur. Bu səbəblər arasında ilkin yeri tutan isə ailə modeli və tərbiyə sistemidir.

Cinayət törədən yeniyetmələrin çoxu natamam ailələrin uşaqlarıdır

Psixoloq qeyd edib ki, cinayət törədən uşaqların təhsillə bağlı problemləri olur: "Onların əksəriyyəti təhsildən yayınmış gənclərdir. Eyni zamanda, cinayət törətmiş yeniyetmələrin çoxunun ailəsi natamamdır. "Natamam ailə" deyəndə boşanmış, ayrı yaşayan və ya valideynlərin (bəzən biri, bəzən də hər ikisinin) itkisi nəzərdə tutulur. Maddi qazanc üçün gününün ən az 9-10 saatını işləmək məcburiyyətində qalan valideyn (daha çox analar) övladına lazımi diqqət və nəzarəti göstərə bilmir, bununla yanaşı, onun ehtiyaclarını da ödəməkdə çətinlik çəkir. Növbəti əsas məqam isə bu yeniyetmələrin asudə vaxtının təşkil olunmamasıdır. Təhsilini hər hansı bir səbəbdən yarıda qoymuş yeniyetmə gününü sosial şəbəkələrdə keçirir. Sosial şəbəkələr vasitəsilə tanış olaraq qrup cinayətlərinin törədilməsi ilə bağlı da çoxlu faktlar mövcuddur. Həm ailə, həm də təhsil sistemindən uzaq düşən, valideynin diqqət və qayğısından uzaq olan, sevgisiz böyüyən, nəzarətsiz qalan bu gənclər özlərini yanlış mühitdə tapmağa çalışırlar. Qısa bir vaxtdan sonra isə bu yeniyetmələr zərərli vərdişlərə yiyələnərək siqaret, spirtli içkilər, narkotik maddələrdən (ilk olaraq həblərdən başlayırlar) istifadə etməyə başlayırlar".

L.Allahverdiyevanın sözlərinə görə, bunları anlamaq üçün həm ailələr, həm tədris sistemində çalışan insanlar yeniyetməlik dövrünü və onun xüsusiyyətlərini bilməli, bu dövrdə yeniyetmələrdə özünü göstərən dəyişiklikləri nəzərdə saxlamalı, buna müvafiq davranmalıdırlar. Bundan əlavə, dövlətin dəstəyi ilə yaradılan sosial reabilitasiya mərkəzlərinin sayı artırılmalı və fəaliyyəti gücləndirilməlidir. Məktəblərdə təcrübəli psixoloqların sayının artırılması və psixoloji işin düzgün təşkilinə, ailələr-valideynlər üçün maarifləndirmə işlərinin davamlı aparılmasına diqqət yetirmək lazımdır.

Ailələrin diqqət etməli olduqları məqamlar...

Uşaqlıq dövrü ilə gənclik dövrü arasında "keçid", "böhranlı yaş" dövrü sayılan yeniyetməlik çağında psixoloji və bioloji dəyişikliklər özünü qabarıq şəkildə biruzə verir. Bu dəyişikliklər nələrdir?

1. Keçid dövrü yaşayan yeniyetmələrin duyğularında qeyri-sabitlik müşahidə oluna, bir az əvvəl özünü enerjili və gümrah hiss edən yeniyetmə az sonra özünü tam əksinə, yorğun, əldən düşmüş hiss edə bilər. Duyğuların belə anlıq olaraq dəyişkənliyi zamanı valideynlərin bunu normal qarşılaması, "bir az əvvəl yaxşı idin, indi nə oldu?" kimi təzyiq xarakterli yanaşmalardan uzaq durması lazımdır.

2. Digər yaş dövrlərinə görə daha sıx xəyal quran yeniyetmə əksər hallarda reallıqdan uzaqlaşır. Bu xəyallar isə gələcək planlar (təhsil, tutacağı mövqe) ilə yanaşı, əks cinslə bağlı olur.

3. Yeniyetmələr bu dövrdə çox vaxt tək qalmaq istəyirlər. Valideynlər isə bunu fərqli şəkildə anlayıb, övladlarının ciddi bir problemi olduğunu düşünüb narahat olurlar. Əslində, yeniyetmələr özlərini daha yaxından tanımağa, kim olduqlarını, gələcək həyatlarının necə olacağını, arzularını, tutacağı mövqelerini düşünürlər. Bu onlarda "mən"in daha da inkişaf etdiyi dövrdür. Valideynlər diqqət etsələr, yeniyetməlik dövrü yaşayan övladlarının daha çox "mən", "mənim", və.s kimi mənsubiyyət hisslərinin təzahürü olan sözləri istifadə etdiklərini müşahidə edəcəklər.

4. Yeniyetmə özündə müşahidə etdiyi bu bioloji dəyişikliklərdən narahat olmağa, kompleks yaşamağa və ətrafındakı insanlardan bunları gizlətməyə çalışır.

5. Bu dövrdə ən mühümü isə yeniyetmənin ətrafındakı mühitidir. Mühit, yəni dost-tanış seçimində yeniyetmələr və valideynlər diqqətli olmalıdırlar. Təsir altına düşmə ehtimalı çox olan bu dövrdə valideynlər övladlarını yanlış mühitdən qorumaq istəyirlər. Amma əksər hallarda bunu yanlış davranışlarla göstərirlər. Belə vaxtlarda valideynlər övladlarına nəzarət etmək istəsələr də, bu, neqativ nəticələnir. Valideynlər özlərini dost, yaxın yoldaş rolunda görməkdənsə, övladları ilə sərt davranaq onları həmin yanlış mühitə doğru itələyirlər.

Demək olar ki, bütün yeniyetmələr bu dövrdə diqqət mərkəzində olmağa və təriflənməyə ehtiyac duyurlar. Onların bu ehtiyacını ailə-valideynlər ödəmədikləri halda, onlar da fərqli qruplara qoşulurlar.

Xəbər 345 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR