Son illər Azərbaycanın şimal bölgəsində turistlər arasında Xınalıq qədər məşhurlaşan daha bir kənd mövcuddur. Bu, əsrarəngiz təbiət mənzərələri ilə zəngin, Azərbaycanın şəlalələr diyarı adlandırılan Qusar rayonunun Ləzə kəndidir.
Aktual.az AZƏRTAC-a istinadən bildirir ki, Qafqaz sıra dağlarının şimal-şərqində dəniz səviyyəsindən 4242 metr hündürlükdə Şahdağ yüksəkliyinin ətəyində yerləşən kəndi ziyarət edən turistlərin sayı xeyli artıb. İlin istənilən fəslində ucqar yaşayış məntəqəsində yerli, həm də əcnəbi turistlərə rast gəlmək olar.
Ləzə kəndində 10-dan çox dağ şəlaləsi var. Bu da yerli və əcnəbi turistləri buraya cəlb edən əsas amillərdəndir. Kəndin yerləşdiyi yayla dəniz səviyyəsindən 1300 metr yüksəklikdədir.
Ləzənin bir-birindən gözəl şəlalələri, təmiz havası ölkəmizdən kənarda da məşhurdur. Yüksək dağ zirvələrinə çıxmaq üçün kəndə gələn xarici turistlərin sayı ilbəil artır. 170 nəfərə yaxın əhalisi olan Ləzə kəndində 28 ev var.
Kəndin əhalisinin əsas məşğuliyyəti heyvandarlıqdır. Amma son illər yerli əhali turizmdən də gəlir götürməyə başlayıb. 50 yaşlı kənd sakini Xalid Əzizov həyətində turistlərin qalması üçün hər bir şəraiti olan kotteclər tikdirib. Bu kotteclərdə dünyanın bir çox ölkələrindən olan turistlər qalıb. X.Əzizov bildirir ki, kəndə daha çox Avropa ölkələrindən qonaqlar gəlir. O, evini və kottecləri turistlərə günü 15 manatdan başlayan qiymətlərlə kirayə verir. Turistərin sifarişlərindən asılı olaraq, göstərilən xidmətlərə görə qiymətlərdə dəyişikliklər olur.
Yaşayış məntəqəsində qarlı-şaxtalı havalar 7 ay davam edir. Temperatur mənfi 30 dərəcəyədək enir. Qış fəslində kəndin dörd bir yanındakı şəlalələrin əksəriyyəti donaraq əsrarəngiz təbiət mənzərəsi yaradır. Donmuş şəlalələrdə buzadırmanma üzrə beynəlxalq və yerli əhəmiyyətli yarışlar keçirilir.
Ləzənin tarixi qədim Albaniya ilə bağlıdır. Kənddə qədim xalçaçılıq ənənələri bu gün də qorunub saxlanılıb.
2013-cü ildə kənd ərazisində Şahdağ Milli Parkının nəzarət-buraxılış məntəqəsi inşa olunub.