İstanbulun Atatürk Hava Limanında baş verən son terror hadisəsindən sonra Azərbaycanın aeroport, dəmir yolu və avtovağzallarında təhlükəsizlik tədbirləri daha da gücləndirilib.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, "Azərbaycan Hava Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Paşa Kəsəmənskinin sözlərinə görə, daxili prosedurlara uyğun olaraq Azərbaycanın bütün aeroportlarında təhlükəsizlik tədbirləri gücləndirilib. P.Kəsəmənski qeyd edib: "Terminallara giriş zamanı nəzarət gücləndirilib, aeroport ərazisində obyektlər və təyyarələr ciddi şəkildə yoxlanılır".
Eləcə də ölkənin dəmir yollarında təhlükəsizlik tədbirləri gücləndirilib. "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov bildirib ki, rəhbərlik qatarların, dəmir yolları vağzalları və dəmir yolları körpüləri ərazisində nəzarətin gücləndirilməsi ilə bağlı qərar qəbul edib.