Bu gün Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasından 93 il ötür. AXC 1918-ci il mayın 28-də Tbilisinin mərkəzində (indiki Şota Rustaveli prospekti 6) fəaliyyət göstərən Qafqaz Canişinliyinin binasında yaranıb.
Aktual.az bildirir ki, bina administrasiyasının işçisi Ketevan Paçuliya report-a müsahibəsində deyib: "1918-ci il fevral ayının 23-də bu binada Gürcüstan, Azərbaycan və Ermənistandan ibarət Zaqafqaziya Seymi çağırılıb. Seymdə Gürcüstandan sosial demokratlar, Azərbaycandan Müsavat Partiyasının üzvləri və bitərəflər, Ermənistandan isə Daşnaksütun Partiyası təmsil olunub. Seymdə müsəlmanlar say etibarilə üstünlük təşkil edib".
Həmin dövrdə müsəlman fraksiyasının 50 nəfər üzvü olub. Sosial demokratların 32, ermənilərin isə 27 üzvü Seymdə təmsil olunub.
Seymdə azərbaycanlılar əksəriyyət təşkil etdiyi üçün verilən qərarlarda Azərbaycanın söz üstünlüyü ola bilərdi. Bu Daşnaksütuna və digərlərinə sərf etməyib. Ona görə də Seymdə ixtilaf əmələ gəlib.
K.Paçuleva qeyd edib ki, 1918-ci il may ayının 26-da Gürcüstan Zaqafqaziya Seymindən ayrıldığını bəyan edib və bununla da Seym buraxılıb.
Mayın 27-də isə seymin Azərbaycan nümayəndəliyi özünü müvəqqəti Milli Şura elan edib. Şuraya sədrlik isə Məhəmməd Əmin Rəsulzadəyə həvalə olunub. Bir gün sonra isə Milli Şuranın 26 nəfərlik ilk iclasında 24 səslə İstiqlal Bəyannaməsi qəbul edilib.
Yeni yaranmış hökumət və Milli Şura iyun ayının 16-dək, yəni Gəncəyə köçürülənədək Tiflisdə, həmin binada fəaliyyət göstərib.
Qafqaz Canişinliyinin xidməti məkanı olmuş bu binada o dövrün bir çox görkəmli şəxsiyyətləri, o cümlədən Azərbaycan mədəniyyətinin, ədəbiyyatının, fəlsəfi fikrinin banilərindən olan M.F.Axundov və A.Bakıxanov çalışıblar.
Bu binada həm də, Ermənistan Respublikası yaradılıb.
Binanın əsas zalının girişində Gürcüstan dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin elan edilməsini bildirən məlumat lövhələri yerləşdirilib. Ermənistana aid belə lövhə yoxdur.
Qeyd edək ki, bu möhtəşəm bina 1921-ci ildə Gürcüstan Konstitusiyasının təsis olunmasına da şahidlik edib.
Bina gürcü xalqı ilə yanaşı, biz azərbaycanlılar üçün də dəyərlidir. Çünki məhz bu zalda 1918-ci ilin 28 may tarixində M.Ə.Rəsulzadə başda olmaqla Azərbaycan Milli Şurası Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasını elan edib.
Sovetlər dövründə pionerlər evi olan bu binada indi, məktəblilər və gənclər üçün müxtəlif dil, musiqi, rəqs qrupları fəaliyyət göstərir. Binanın əsas zallarında beynəlxalq tədbirlər, böyük konsertlər və digər mühüm dövlət tədbirləri keçirilir. Binanın sağ girişindəki bağça da son dövrlər bərpa edilib. Uzun müddət bağlı olan bağça indi şəhər sakinlərinin və qonaqların istirahət mərkəzinə çevrilib.
Buraya gələnlərə binanın tarixi, burada qəbul olunmuş mühüm qərarlar barədə məlumat verilir.