“Azərbaycanın gələcəyi təmin edilib” - AŞ PA-nın sabiq prezidenti

“Azərbaycanın gələcəyi təmin edilib”   - AŞ PA-nın sabiq prezidenti

Azərbaycan Prezidenti İlham Əliyev mədəniyyətlərarası və dinlərarası dialoqu irəli aparan güclü şəxsiyyətlərdən biridir. Yaxın Şərqdə yaranmış vəziyyət bu dialoqun vacibliyini göstərir. 

Aktual.az xəbər verir ki, bunu Trend-ə müsahibəsində AŞ PA-nın sabiq prezidenti, Niderland Krallığı Senatının üzvü Rene van der Linden deyib.

Onun sözlərinə görə, qarşılıqlı anlayış, azlıqların haqlarına hörmət dinc yaşayışın əsas qaydasıdır: “Bu, sabitlik üçün əsas şərtdir”.

Azərbaycanın son illər qazandığı uğurlara toxunan Rene van der Linden qeyd edib ki, ölkə infrastrukturun, səhiyyənin, təhsilin inkişafında və su resurslarından istifadə sahəsində əhəmiyyətli tərəqqi əldə edib.

Onun sözlərinə görə, Azərbaycanın müstəqilliyi və suverenliyi heç vaxt sual altında olmayıb. Azərbaycan BMT-nin, Avropa Şurasının və bir çox digər beynəlxalq təşkilatların üzvüdür: "Azərbaycan 1991-ci ildə yenidən müstəqillik qazananda özəl sektorun zəif inkişaf etdiyi kasıb ölkə idi. Qısa müddət ərzində ölkədə adambaşına düşən gəlir bir neçə dəfə artdı".

Siyasətçinin sözlərinə əsasən, müstəqilliyin qazanılmasından sonra ilk beş il ağır idi, iqtisadi artım tempi azalırdı: “Lakin təxminən 1997-ci ildən başlayaraq orta illik iqtisadi artım artıq təqribən 10 faiz təşkil edirdi. Müqayisə üçün: Mərkəzi Avropa və Baltikyanı ölkələr həmin dövr ərzində 3 faizlik orta illik iqtisadi artıma nail olmuşdu. ÜDM-in artımı nəticəsində Azərbaycanda yoxsulluğun səviyyəsi 49 faizdən hazırda 5 faizədək azalıb”.

Rene van der Linden xüsusi vurğulayıb ki, beynəlxalq təşkilatlar Azərbaycanın öz neft gəlirlərini idarə etmək bacarığını yüksək qiymətləndirir. O, təbii resursların səmərəli idarə edilməsinə xidmət edən hasilat sənayesində şəffaflıq təşəbbüsü (EITI) çərçivəsində əməkdaşlığın vacibliyini qeyd edib: “Azərbaycan bu istiqamətdə fəaliyyətini davam etdirməlidir”.

AŞ PA-nın sabiq prezidenti diqqətə çatdırıb ki, Azərbaycan yaxşı iqtisadi artımla yanaşı, son dövrdə “Eurovision” müsabiqəsi və I Avropa Oyunları kimi xeyli sayda iri beynəlxalq tədbirlər keçirib, Avropa Şurasında sədrlik edib. Bununla da, Azərbaycan rəhbərliyi ölkənin inkişafı və onun beynəlxalq millətlər cəmiyyətində üzvlüyü üçün zəmin yaratdı.

Siyasətçi qeyd edib ki, Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqları, beynəxalq təşkilatlar çərçivəsində, o cümlədən, Avropa Şurasında işləri davam etdirir. Bununla yanaşı, respublika iqtisadiyyatının şaxələndirilməsi, eləcə də kənd təsərrüfatının inkişafı, xüsusilə neftin qiymətləri üzrə ortamüddətli bədbin perspektivlər fonunda neftdən asılılığın azaldılması üzrə işləri davam etdirir.

Rene van der Linden bildirib ki, Azərbaycan və Avropa İttifaqının bugünkü münasibətləri barədə tam məlumatlıdır: “Fikrimcə, biz tərəfdaşlığın, ticarətin inkişaf etdirilməsi, mədəniyyət və tələbə proqramlarının reallaşdırılması yolu ilə bu münasibətlərin möhkəmləndirilməsinə öz töhfəmizi verə bilərik. İnanıram ki, Azərbaycan rəhbərliyi yaxın illər ərzində bu problemlərin həllində uğurlar qazanacaq”.

O, Azərbaycanı və ölkə rəhbərliyini I Avropa Oyunlarının və digər böyük beynəlxalq tədbirlərin uğurla keçirilməsi münasibətilə təbrik edib: “Getdikcə bütün dünya üzrə daha çox insan Azərbaycanın zəngin, çox gözəl tarixi və mədəniyyəti barədə öyrənəcək. 2014-cü ildə Azərbaycana gələn iş adamları və təhsil sahəsinin işçilərindən ibarət Hollandiya nümayəndə heyətinə başçılıq edirdim. Onlar Azərbaycan xalqına və birgə biznesin aparılması üçün ölkədə yaradılmış imkanlara heyran olmuşdular”.

Hollandiyalı siyasətçi əlavə edib ki, Azərbaycan Prezidenti, həmçinin təhsilin inkişafına böyük diqqət ayırır ki, bu da ölkənin gələcək iqtisadi inkişafının təminatıdır: “Mən ADA Universitetinin inkişafının, eləcə də Maastrixt Menecment Məktəbi ilə birgə Azərbaycanda ilk beynəlxalq MBA-proqramının reallaşdırılmasımın şahidi olmuşam. Bu tərəfdaşlığın belə tez və peşəkarlıqla reallaşdırılması tərifə layiqdir. Təhsil sahəsinə cəlb olunmuş şəxs kimi, Azərbaycandan olan bir çox gənc insanla görüşmüşəm və onların yüksək təhsil səviyyəsinə, işləmək qabiliyyətinə, ölkələrinə sadiqliyinə və uğurlu olmaqda qətiyyətlərinə həmişə heyranlıq duymuşam. Buna görə də hesab edirəm ki, Azərbaycanın gələcəyi təmin edilib”. 

Aktual.az

Xəbər 513 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR