Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin yeni tərkibi müəyyənləşib.
Aktual.az Report-a istinadən bildirir ki, bu barədə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədr müavini, nümayəndə heyətinin üzvü Rövşən Rzayev məlumat verib.
Onun sözlərinə görə, Azərbaycanın qurumdakı nümayəndə heyətinin tərkibində dəyişiklik edilib və tərkibə 3 yeni deputat daxil edilib.
Bunlar hakim Yeni Azərbaycan Partiyasını təmsil edən deputat Vüsal Hüseynov, Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev, bitərəf deputat Müslüm Məmmədovdur. V.Hüseynov əsas heyətdə Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri, YAP üzvü Əli Hüseynlini, E.Musayev əvəzedici heyətdə Vətəndaş Həmrəyliyi Partiyasından deputat Fəzail İbrahimlini, M.Məmmədov isə keçmiş deputat (bitərəf) Aydın Abbasovu əvəz edib.
Azərbaycanın AŞPA-dakı 12 nəfərlik nümayəndə heyətinə Səməd Seyidov, Qənirə Paşayeva, Fazil Mustafa, Sabir Hacıyev, Sahibə Qafarova, Sevinc Fətəliyeva, Elxan Süleymanov, Rəfael Hüseynov, Rövşən Rzayev, Müslüm Məmmədov, Elşən Musayev, Vüsal Hüseynov daxildir.
Yeni tərkibin siyahısı AŞPA-ya göndərilib.