"Azərbaycanı qıcıqlandırmağa çalışmaqla İran heç nəyə nail ola bilməz, əksinə..."


Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri, millət vəkili Qüdrət Həsənquliyevin Moderator.az-a müsahibəsini təqdim edirik:
 
- Qüdrət bəy, İranın Qafan rayonunda konsulluq açmasına münasibətinizi bilmək istərdik.
 
- İran regional oyunçuya çevrilmək istəyir, amma alınmır. Azərbaycanı qıcıqlandırmağa çalışmaqla isə heç nəyə nail ola bilməz. Bizim əsəblərimiz çox möhkəmdir. İran bu kimi addımları ilə öz daxilində gərginliyi artırmaqdan və dünyada daha çox məmləkət tərəfindən destruktiv ölkə kimi tanınmaqdan başqa heç nəyə nail olmayacaq. Nə əsl müsəlmanlar, nə də cənublu soydaşlarımız bunu İrandakı teokratik rejimə bağışlaya bilməz. Ermənistan 10 noyabr sazişini icra etməli, Azərbaycanın ərazi bütövlüyünə hörmət etməli, etnik seperatizmi qızışdırmamalı, bizimlə sülh müqaviləsi imzalamalıdır. İran rəsmiləri də Allahdan qorxub gələcək itkilərin qarşısını almaq, regionda sabitliyi və əməkdaşlığı təmin etmək üçün Ermənistanı qızışdırmaq və ona yalandan ümidlər vermək əvəzinə onu başa salmalıdırlar ki, Azərbaycanın sülh təklifinin alternativi yoxdur. Regiona sülh və əməkdaşlıq lazımdır.
 
- Son vaxtlar bəzi Ermənistan vətəndaşlarının Azərbaycan vətəndaşlığı almaları üçün Azərbaycan Respublikası Prezidentinə müraciət etməsinə necə baxırsınız?
 
- Ermənilər zaman-zaman soydaşlarımıza çox acılar yaşadıblar, dinc insanlara qarşı çoxsaylı qansız cinayətlər törədiblər. Çoxlu soydaşımızı yurd-yuvalarından didərgin salıblar, qədim torpaqlarımızı ələ keçiriblər, Azərbaycan dövlətçiliyinə çox ciddi ziyan vurublar. Yaralar hələ sağalmayıb. Barış olmadan ermənilərin  təhlüləkəsizliyini təmin etmək çətin olar. İlk öncə sülh sazişi imzalanmalı, Qarabağdakı ermənilər Azərbaycan Respublikasının vətəndaşlığını qəbul etməlidirlər. Bundan sonra barış istiqamətində addımlar atılmalıdır. Dünyanın bir çox xalqları və dövlətləri yüz illərlə bir-biri ilə vuruşub sonra barışaraq dinc qonşuluq siyasətinə üstünlük verib, bu yolla inkişaf ediblər. Az-çox ağlı başında olan ermənilər də işğal siyasətinin puç olduğunu  başa düşüb bu tipli müraciətlər edirlər. Müraciət edən şəxslər anlayırlar ki, düşmənçiliyə son qoyulmalıdır, bunu hər iki xalqın mənafeləri tələb edir. Müraciət edənlər, Ermənistanda çoxlarının düşündüyü kimi öz xalqlarına xəyanət edənlər yox, onun gələcəyini düşünənlərdir.
Xəbər 873 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR