“Rossiya 24” kanalı Azərbaycanda bu gün keçirilən parlament seçkiləri ilə bağlı informasiya yayıb.
Aktual.az Seçki-2015.az saytına istinadən xəbər verir ki, 125 yer uğrunda 767 namizədin mübarizə aparacağını bildirən kanal qeyd edib ki, hakim Yeni Azərbaycan Partiyası ilə yanaşı, seçkilərdə müxalifət partiyaları da iştirak edir.
İnformasiyada bildirilir ki, seçkiləri 503 beynəlxalq müşahidəçi izləyir. Məlumatda müşahidəçilərin Rusiyadan, Belarusdan, İsraildən və digər ölkələrdən olduğu bildirilib. Eyni zamanda, AŞPA-dan olan müşahidəçilərin də seçkilər prosesini izlədikləri qeyd olunub.
Sonda bildirilib ki, seçkilərdə 5 milyon 200 min nəfər ölkə vətəndaşı səsvermə hüququna malikdir və onlardan 500 nəfəri 100 yaşdan yuxarıdır.