Azərbaycanda kinoaktyorluq məktəbi çox zəifdir.
Aktual.az xəbər verir ki, bu sözləri aktyor Kamran Yunis yeni çəkilən Azərbaycan serialı "Son addım" haqqında axar.az-a danışarkən deyib. Onun sözlərinə görə, serialın 30-40 seriya olması nəzərdə tutulur:
"Hazır olandan sonra televiziya kanallarından birinə təqdim edəcəyik. Serialın əsas rollarından birini mən ifa edəcəyəm. Eyni zamanda, aktyorlarla iş üzrə rejissor da mənəm. Çalışacağam ki, işimin öhdəsindən mükəmməl səviyyədə gəlim. Azərbaycanda kinoaktyorluq məktəbi çox zəifdir. Avropa, Amerika kinoları ilə ayaqlaşa bilmirik. Tomas Eliotun gözəl bir sözü var: "Qismətimiz cəhd etməkdir". İnşallah, ayaqlaşacağıq.
"Son addım" serialında detektiv süjet də var, məhəbbət də. Serialda həm yaşlı, həm də gənc nəslin aktyorları oynayacaq. Əsas rollardan birini Sənan Əlləz canlandıracaq. Birinci seriyanı şəxsi maddi vəsaitimiz hesabına ərsəyə gətirdikdən sonra telekanala təqdim edəcəyik, əgər kanal alsa, növbəti seriyalar dövlət tərəfindən maliyyələşəcək".