Azərbaycanda yaşayan milli icmaların həyat hekayələrini əks etdirən "Mənə hekayəni danış" adlı qısa metrajlı film çəkildi.
Bu layihə Cənubi Qafqaz üzrə İsveçrə Əməkdaşlıq Təşkilatının maliyyə dəstəyi ilə "Culture and Management Lab” təşkilatı tərəfindən həyata keçirilən "Cənubi Qafqazda Regional İncəsənət və Mədəniyyət Layihəsi” çərçivəsində reallaşdırılır. "Mənə hekayəni danış” adlı layihənin əsas mövzusu sosial inteqrasiyadır. Layihə çərçivəsində Azərbaycanda yaşayan milli icmaların həyatı haqqında maraqlı hekayələri nəql edən film çəkilərək tamaşaçıların diqqətinə sosial media vasitəsi ilə çatdırıldı. Cənubi Qafqazın ilk Xəbər Kanalı ARB 24 tərəfindən həyata keçirilən çəkilişlər Bakı, Gəncə və Qax rayonunda baş tutdu. Müxtəlif bölgələrdə yaşayan millətlərin nümayəndələrindən toplanılan hekayələrdə milli azlıqların unikal mədəniyyəti, tarixi və cəmiyyətə mədəni inteqrasiyası kimi məqamları vurğulamaq layihənin əsas məqsədlərindəndir. Bu filmdə Gəncədə yaşayan milliyətcə rus olan 91 yaşlı müharibə vetaranın xoşbəxt həyat hekayəsini, Qaxda ildə iki dəfə qeyd olunan, qeyri-adi adətləri ilə tanınan qədim Kümrükoba bayramını və gənc Ravinin Azərbaycanda yaşayan yəhudilərlə bağlı verdiyi maraqlı müsahibəni izləyə bilərsiniz. Qeyd edək ki, layihə rəhbəri AGAT sədr müavini Səbinə Əsədovadır. Layihənin təşkilati dəstəyi isə Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatına (AGAT) məxsusdur.