Azərbaycanda vulkan püskürə bilərmi?

Azərbaycanda vulkan püskürə bilərmi?

Hacıqabul rayonundakı "Axtarma ardı" vulkanının püskürməsi çoxdan gözlənilirdi. Ancaq hazırda Azərbaycanda püskürməsi ehtimal edilən vulkan yoxdur.


Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyası Geologiya və Geofizika İnstitutunun Palçıq vulkanizmi şöbəsinin müdiri, geologiya-mineralogiya elmləri doktoru, professor Adil Əliyev deyib.

Onun sözlərinə görə, vulkanların püskürməsini ehtimal etmək olsa da, onun püskürəcəyini proqnozlaşdırmaq mümkün deyil.

A.Əliyev qeyd edib ki, böyük vulkan olan "Axtarma ardı" sonuncu dəfə 1990-cı ildə püskürmüşdü: "Artıq 25 il idi ki, bu vulkan "susurdu". Bu vulkanda 1990-cı ildəki püskürmə çox güclü olmuşdu. O vaxt alov sütunu 500 metrə qalxmışdı, qazın yanması təxminən 1 həftə, vulkanın püskürməsi isə 6 saat davam etmişdi. O vaxt vulkan Yer səthinə 40 min kubmetr palçıq çıxarmışdı, enli çatlar əmələ gəlmişdi".

A.Əliyev bildirib ki, həmin vulkanda baş verən sonuncu püskürmə tam tədqiq olunmasa da, onun əvvəlki püskürmədən nisbətən zəif olduğu məlumdur.

İnstitutun şöbə müdirinin sözlərinə görə, yanvarın 26-da "Axtarma ardı" vulkanında birinci püskürmə səhər saat 07:36-da baş verib və 3 dəqiqə davam edib, daha sonra vulkan sakitləşib. Vulkanda ikinci partlayış saat 07:49-da olub ki, bu da 3 dəqiqə davam edib. Ümumilikdə vulkanda püskürmə 6 dəqiqə çəkib, amma qaz yanması davam edib: "Qaz yanmasının səviyyəsi əvvəlcə hündür olub, sonra getdikcə aşağı düşüb. 1990-cı ildə vulkanın püskürməsi 6 saat, bu il isə 6 dəqiqə davam edib. Vulkan püskürməsi nəticəsində müxtəlif çatlar yaransa da, onlar çox böyük məsafədə uzanmayıb. Amma ərazidən çəkilən şəkillərdən görünür ki, ətrafa çoxlu palçıq səpələnib. Onların tərkibində nələrin olduğu barədə hələ məlumatımız yoxdur".

Xəbər 476 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR