2015-cü ildə Azərbaycan Səhiyyə Nazirliyi tərəfindən (yeni doğulanların valideynlərinə) verilən elektron sağlamlıq kartlarının sayı ilin əvvəli ilə müqayisədə 14,8 faiz artıb.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bu barədə nazirliyin Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzindən bildiriblər.
Mərkəzin məlumatına görə, yanvar-dekabr aylarında verilən kartların sayı 126 777 ədəd artaraq 982 092-yə çatıb.
Bundan əlavə, 2015-ci ildə 2510 ədəd elektron kart dərman preparatlarının pulsuz əsasda paylandığı pasiyentlərə verilib. Bu kateqoriyadan olan pasiyentlərə verilən kartların sayı 69 7878 ədədə çatıb.
42 729 ədəd kartı isə tibbi müayinədən keçən pasiyentlər alıblar ki, bu da ilin əvvəlinə olan göstəricidən 17,2 faiz çoxdur. Bu kateqoriyadan olan pasiyentlərə ümumilikdə 289 960 kart verilib.
Elektron sağlamlıq kartları Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzində hazırlanır və poliklinikalar vasitəsilə yeni doğulmuş körpələrin valideynlərinə və pasiyentlərə təqdim edilir.Kartlarda sahibinin şəxsiyyəti, tibbi və sosial sığorta və s. haqqında məlumatlar yer alır.
İnformasiya tibb müəssisəsinin xidməti məlumatlarının operativ mübadiləsinə imkan verən vahid məlumat bazasında yerləşdirilir.
Bu günədək nazirliyin tabeliyində olan bütün doğum evləri, xəstəxanaların doğum şöbələri və uşaq tibb müəssisələri bu sistemə qoşulub.