Restoran sahibləri endirimlərə başlayıblar.
Toylar azalıb, toy sahibləri qənaətə yönəlib. Şadlıq evləri yemək, içkilər, hətta əyləncə və müğənnilərində dəyişiklik etmək məcburiyyətində qalıb.
Aktual.az-ın xezerxeber-ə istinadən məlumatına görə, Bakıdakı şadlıq evlərindən bildirilir ki, son bir neçə ayda toylar 50 faizədək azalıb.
Mövsümün də təsiri ilə indi ay ərzində 4-5 toy görən restoran işçiləri sevinir.
Şadlıq evi inzibatçıları bildirir ki, əvvəllər müştərilər "ömürdə bir dəfə olur" deyə bütün əyləncə təkliflərini qəbul edir, əlavə xərclərdən boyun qaçırmırdılar. İndi isə vəziyyət dəyişib, menyuda bir neçə manat endirim belə əhəmiyyət qazanıb.
Son aylardakı vəziyyəti də nəzər alan restoran sahibləri menyularında dəyişiklik edərək bəzi endirimlərə başlayıblar.
Əksər şadlıq evlərində toy keçirmək istəyənlərə bir-birini təkrarlayan yemək və salatlar menyudan çıxarmaq, içki sayı azaltmaq yolu ilə endirimlər təklif edilir.
Endirim məcburiyyəti əlavə şou proqramlara da təsir edib. Şöhrətli və bahalı müğənnilər əvvəlki kimi rəğbət görmür. Hətta küçələrdə dayanmış gəlin maşınları da artıq maraq cəlb etmir.
Toy sahibləri avtomobil kirayəsi kimi xərclərdən də qaçmağa başlayıb.