Nazirlər Kabineti Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektləri üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun tətbiq edilməsi barədə qərar verib.
Aktual.az APA-ya istinadən bildirir ki, qərara əsasən 2016-cı il iyulun 1-dən Azərbaycan Respublikasının ərazisində dövlət vəsaitləri hesabına maliyyələşdirilən tikinti obyektlərinin qiymətləndirilməsi üçün yeni smeta-normativ və qiymətqoyma sisteminin və onun əsasında qiymətqoymanın resurs metodunun hazırda tikintinin ehtimal olunan qiymətinin təyin edilməsində istifadə olunan 1991-ci ilin mövcud smeta-normativ bazası ilə paralel olaraq tətbiqinə icazə verilib.
Nəzərə alınmalıdır ki, resurs metodu tikintidə istifadə edilən materialların, məmulatların, konstruksiyaların, mebel-inventar və avadanlıqların, həmçinin tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarının mövcud cari qiymətlərinə, habelə tikintidə əməyin ödənilməsi üçün qüvvədə olan tarif dərəcələrinə əsaslanaraq tətbiq edilir. Qərara əsasən "Tikintidə müqavilə qiymətlərinin hesablanmasında bazis-əmsal üsulunun tətbiq edilməsi haqqında" Nazirlər Kabinetinin 1995-ci il 4 sentyabr tarixli 200 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilib və obyektlərin dəyərinin 1991-ci ilin bazis-smeta qiyməti əsasında qiymətləndirilməsi metodikasının tətbiqi dayandırılacaq. Bununla əlaqədar olaraq "Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən tikinti sahəsində dövlət nəzarətinin mərhələlərlə həyata keçirilməsi Qaydaları"nın təsdiq edilməsi barədə" Nazirlər Kabinetinin 2008-ci il 5 dekabr tarixli 272 nömrəli qərarı 2017-ci il iyulun 1-dən ləğv edilib.
Fövqəladə Hallar Nazirliyinə tapşırılıb ki, yeni smeta-normativ və qiymətqoyma sisteminə aid müvafiq texniki-normativ hüquqi aktların hazırlanıb təsdiq edilməsini və Hüquqi Aktların Dövlət Reyestrinə daxil edilməsini 2016-cı il fevralın 15-dək təmin etsin. Eyni zamanda Fövqəladə Hallar Nazirliyi dövlət element-smeta normaları toplularının cədvəllərində nəzərdə tutulmuş resursların cari qiymətinin müəyyən edilməsi üçün 20 təqvim günü müddətində həmin resursların nomenklaturalarını və tarif dərəcələrini hazırlayaraq materiallar, məmulatlar, konstruksiyalar, mebel-inventar və avadanlıqlarla bağlı resurslar üzrə siyahının Dövlət Statistika Komitəsinə, tikintidə əməyin ödənilməsi üçün tarif dərəcələri üzrə məlumatların Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, tikinti maşın və mexanizmlərinin və avtonəqliyyat vasitələrinin istismarı üzrə siyahının (tikinti üçün yükdaşıma məsələləri də daxil olmaqla) Nəqliyyat Nazirliyinə təqdim edilməsini təmin etməlidir. Bu məlumatlar təqdim edildikdən sonra cari qiymətlər əsasında resursların cari smeta qiymətlərinin hesablanmasını və tikintidə əməyin ödənilməsi üzrə müvafiq məlumatların hazırlanmasını, onların təsdiq və cari smeta qiymətləri toplularının çap edilməsini, həmin sənədlərin Fövqəladə Hallar Nazirliyinin rəsmi internet səhifəsində yerləşdirilməsi 2016-cı il iyunun 1-dək təmin edilməlidir.
Fövqəladə Hallar Nazirliyi Azərbaycan Respublikasında inflyasiya dərəcəsində və ya dövlət tərəfindən tənzimlənən qiymətlərdə baş verə biləcək dəyişikliklərlə bağlı, həmçinin digər səbəblərdən resursların və əməyin ödənilməsi üzrə tarif dərəcələrinin qiymətlərində hər hansı dəyişiklik müşahidə edildiyi halda, ildə bir dəfədən az olmayaraq, həmin resurslar üzrə bu qərarda göstərilən dövlət orqanlarının müəyyən etdiyi yeni məlumatlar əsasında resursların cari smeta qiymətlərini yenidən hesablayaraq, onların təsdiq edilməsini təmin etməli, 2 ay müddətində aidiyyəti dövlət orqanları ilə birlikdə üstəlik xərclər və smeta gəliri üzrə normativlərin, "Tikilməkdə olan müəssisələrin və digər obyektlərin müdiriyyətinin saxlanılması xərclərinin limitləri"nin (texniki nəzarətçinin saxlanılması xərcləri də daxil olmaqla), həmçinin digər limitləşdirilmiş xərc normalarının hədlərini müəyyənləşdirib, təsdiq edilməsi üçün təkliflərini Nazirlər Kabinetinə təqdim etməlidir.
Dövlət Statistika Komitəsinə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə və Nəqliyyat Nazirliyinə tapşırılıb ki, Fövqəladə Hallar Nazirliyi tərəfindən resursların nomenklaturaları və əməyin ödənilməsi üzrə tarif dərəcələri təqdim edildikdən sonra aidiyyəti üzrə cari qiymətləri mövcud qaydalara uyğun olaraq müəyyənləşdirib, müvafiq məlumatları Fövqəladə Hallar Nazirliyinə 2016-cı il martın 1-dək təqdim etsinlər. Bu nazirliklər resurs metodunun tətbiqinə başlanıldığı vaxtdan Fövqəladə Hallar Nazirliyi tərəfindən müvafiq qaydada aidiyyəti üzrə təqdim olunacaq siyahılara əsasən resursların və əməyin ödənilməsi üzrə tarif dərəcələrinin cari qiymətləri barədə məlumatları operativ qaydada hazırlayıb Fövqəladə Hallar Nazirliyinə təqdim etməlidirlər. Maliyyə Nazirliyinə tapşırılıb ki, yeni smeta-normativ və qiymətqoyma sisteminə aid texniki-normativ hüquqi aktların tətbiqi və təkmilləşdirilməsinə aid tədbirlərin və resurs metodu üzrə müvafiq işlərin aparılması və tənzimlənməsi ilə bağlı digər təşkilati məsələlərin maliyyələşdirilməsini təmin etsin.