Əhalinin sosial müdafiəsinin etibarlı təminatı və qiymət artımının sosial rifah halına təsirlərinin minimuma endirilməsi istiqamətində bütün müvafiq tədbirlər həyata keçirilir.
Prezident İlham Əliyevin 16 yanvar 2016-cı il tarixdə imzaladığı sərman və sərəncamlar ölkədə əmək pensiyaçılarının, məcburi köçkünlərin, 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərin, şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətinda atılan mühüm addımlardır.
Aktual.az AzVision.az-a istinadən xəbər verir ki, bunu yanvarın 18-də keçirdiyi mətbuat konfransında Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev vurğulayıb.
Nazir müavini bildirib ki, Azərbaycan Prezidenti Nazirlər Kabinetinin 2015-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında qlobal iqtisadi böhranın, dünyada gedən proseslərdən dolayı ölkəmizdə də manatın məzənnəsinin devalvasiyaya uğramasının milli iqtisadiyyata və əhalinin sosial rifah halına mənfi təsirlərinin aradan qaldırılması məqsədi ilə dövlət orqanlarına bir sıra tapşırıqlar verib. Dövlətimizin başçısı iqtisadi inkişaf templərinin daxili resurslar hesabına, düşünülmüş siyasət, islahatlar, o cümlədən struktur islahatları nəticəsində təmin edilməsini hökumət qarşısında bir vəzifə kimi müəyyənləşdirib:
“Azərbaycan Prezidentinin əsas tapşırıqlarından biri də devalvasiyanın əhalinin sosial rifah halına mənfi təsirlərinin minimuma endirilməsi məqsədi ilə pensiya və əməkhaqqının qaldırılması üçün respublika hökuməti tərəfindən təkliflərin hazırlanmasıdır. Tapşırığın icrası olaraq, ilk növbədə devalvasiyanın minimum istehlak səbətinə təsirlərinin öyrənilməsinə başlanılıb, istehlak qiymətləri çox ciddi nəzarətə götürülüb, unun və çörək məmulatlarının qiymətlərinin aşağı salınması məqsədi ilə fiskal tədbirlər həyata keçirilib. Əhalinin aztəminatlı təbəqələrinin alıcılıq qabiliyyətinin artırılması və qiymət artımının təsirlərinin azaldılması məqsədi ilə hökumət tərəfindən bütün sosial ödənişlərin artırılması istiqamətində təkliflər hazırlanıb”.
İ.İsayev Azərbaycan Prezidentinin 16 yanvar 2016-cı il tarixdə imzaladığı Fərman və Sərəncamlara toxunaraq diqqətə çatdırıb ki, “Əmək pensiyalarının baza hissəsinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 16 yanvar 2016-cı il tarixli Sərəncamı ilə yaşa görə əmək pensiyasının baza hissəsinin məbləği 2016-cı il fevralın 1-dən 10 faiz artırılaraq 110 manat müəyyən edilib. Bu Sərəncamla 1 mln. 271 min nəfər əmək pensiyaçısının pensiyasının baza hissəsi və ona qanunvericiliklə müəyyən edilmiş əlavələr 10 faiz artırılacaq. Birinci qrup gözdən əlillərin və birinci qrup əlil olan digər pensiyaçıların pensiyalarında daha əhəmiyyətli dərəcədə artımlar ediləcək. Artımın maliyyələşdirilməsinə ilin sonunadək 140,8 mln. manat əlavə büdcə vəsaiti sərf olunacaqdır.
Nazir müavini nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün artırılması və “Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 19 dekabr tarixli 493 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 16 yanvar 2016-cı il tarixli Fərmanı ilə Şəhid ailəsi üçün Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 10 faiz artırılaraq 2016-cı il fevralın 1-dən 220 manat müəyyən edilib. Bu Fərman Azərbaycan Respublikası Prezidentinin təqaüdünü alan 13487 nəfər şəhid ailəsini əhatə edəcəkdir və həmin artımın maliyyələşdirilməsinə ilin sonunadək 3 mln. manata yaxın əlavə büdcə vəsaiti yönəldiləcək.
İ.İsayev bildirib ki, Azərbaycan Respublikası Prezidentinin “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün artırılması və “1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 19 yanvar tarixli 370 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” 16 yanvar 2016-cı il tarixli Fərmanı isə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə verilən təqaüdün məbləğinin artırılmasını nəzərdə tutur. Fərmana əsasən, 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş şəxslərə aylıq Prezident təqaüdünün məbləği I qrup əlillər üçün 150 manatdan 165 manata, II qrup əlillər üçün 130 manatdan 143 manata, III qrup əlillər üçün isə 100 manatdan 110 manata qaldırılıb. Bu artımlar 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlil olmuş 317 nəfər şəxsə şamil olunacaqdır. Onlardan 18 nəfəri I qrup, 190 nəfəri II qrup, 109 nəfəri isə III qrup əlildir.
Azərbaycan Respublikası Prezidentinin “Məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin artırılması haqqında” 16 yanvar 2016-cı il tarixli Sərəncamı isə məcburi köçkünlərə yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin 2016-cı il fevralın 1-dən 10 faiz artırılmasını nəzərdə tutur. Sərəncam 566 min nəfər məcburi köçkünə şamil olunacaq və onlara yemək xərci üçün verilən aylıq müavinətin məbləğinin artırılmasının maliyyələşdirilməsinə ilin sonunadək 11,3 mln. manata yaxın əlavə büdcə vəsait sərf olunacaqdır.
İ.İsayev vurğulayıb ki, yaxın günlərdə digər sosial ödənişlərin, o cümlədən əmək haqlarının artırılması barədə ardıcıl şəkildə müvafiq fərman və sərəncamların imzalanması, qərarların qəbul olunması, nəticə etibarilə ümumilikdə 3,6 mln. nəfəri əhatə edən sosial ödənişlərin artırılması nəzərdə tutulur. Respublika ictimaiyyəti əmin olmalıdır ki, əhalinin sosial müdafiəsinin etibarlı şəkildə təmin olunması və qiymət artımının sosial rifah halına təsirlərinin minimuma endirilməsi istiqamətində dövlət tərəfindən bütün müvafiq tədbirlərin həyata keçirilməsi təmin olunacaqdır.
Mətbuat konfransı KİV nümayəndələrinin suallarının cavablandırılması ilə davam edib.