Xəbər verdiyimiz kimi, artıq ölkədə parlament seçkilərinə start verilib. “Qafqazinfo” xəbər verir ki, seçkilərə start verilməmişdən əvvəl bir sıra partiyalar parlament seçkilərində iştirakla bağlı qərar verib namizəd siyahılarını ictimaiyyətə təqdim etmişdi.
Müsavat Partiyası isə ötən həftə sonu Məclisdə 70-dən çox dairədən namizəd siyahısını açıqlayıb. Yerdə qalan 30 dairə üzrə isə yaxın günlərdə qərar veriləcəyi gözlənilir. Ümid Partiyası, Böyük Quruluş Partiyası, Azərbaycan Demokrat Partiyası, “Azadlıq 2015” blokunun artıq seçkilərdə iştirak edəcək namizədləri məlumdur. AXCP isə seçkiləri boykot edəcəyi ilə bağlı qərarını verib. REAL Hərəkatının isə sentyabrın 2-də namizədləri bəlli olacaq. Qeyd edək ki, hələ ki, adıçəkilən partiyaların ilkin siyahısı hazırlanıb. Seçki prosesində dairələr üzrə dəyişiklik, yaxud da başqa dairələr üzrə yeni namizədlərin irəli sürüləcəyi gözləniləndir.
Hazırda isə bütün ictimaiyyət və seçkidə iştirak edəcək tərəflər hakim Yeni Azərbaycan Partiyasının namizədlərinin açıqlamasını gözləyirlər. Qeyd edək ki, partiya rəsmiləri bu həftə ərzində namizədlərini ictimaiyyətə təqdim edəcəklər.
Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilərlə bağlı tədbirlərin təqvim planı da artıq məlumdur. Belə ki, seçkidə iştirak etmək istəyən tərəflərin namizədliyinin qeydə alınması prosesi sentyabrın 12-də başlayıb oktyabrın 2-də başa çatacaq.
/ Aktual.az