2016-cı il avqustun 1-i vəziyyətinə ilkin məlumatlara əsasən iqtisadi fəal əhalinin sayı 4962,3 min nəfər olub, onlardan 4716,5 min nəfərini iqtisadi əmək fəaliyyəti ilə məşğul olan əhali təşkil edib.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin iyulun 1-i vəziyyətinə muzdla işləyənlərin sayı 1521,1 min nəfər, o cümlədən iqtisadiyyatın dövlət sektorunda 889,7 min nəfər, qeyri-dövlət sektorunda isə 631,4 min nəfər təşkil edib. İqtisadiyyatın neft sektorunda 34,5 min nəfər, qeyri-neft sektorunda isə 1486,6 min nəfər çalışıb.
Müəssisə və təşkilatlarda muzdla çalışan işçilərin 22,8%-i məhsul istehsalı sahələrində, o cümlədən 6,9%-i emal sənayesində, 6,8%-i tikintidə, 3,1%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahələrində, 2,2%-i mədənçıxarma sənayesində, 2%-i su təchizatı, tullantıların təmizlənməsi və emalı, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sahələrində məşğul olub.
Xidmət sahəsində işləyənlərin 22,2%-i təhsil, 18,7%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 8,7%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,6%-i nəqliyyat və anbar təsərrüfatı, 3,7%-i istirahət, əyləncə və incəsənət, 3,6%-i peşə, elmi və texniki fəaliyyət, 1,8%-i maliyyə və sığorta fəaliyyəti, 1,6%-i informasiya və rabitə, 1,6%-i inzibati və yardımçı xidmətlərin göstərilməsi, 1,4%-i turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,2%-i daşınmaz əmlakla əlaqədar əməliyyatlar və 1,1%-i digər sahələrdə xidmətlərin göstərilməsi sahələrində çalışıblar.
2016-cı ilin yanvar-iyun aylarında bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı 150,3 saat təşkil edib.
2016-cı il avqust ayının 1-i vəziyyətinə məşğulluq xidməti orqanları tərəfindən ölkə üzrə rəsmi işsiz statusu verilmiş şəxslərin sayı 35 min nəfər olub, onların 37,7%-ni qadınlar təşkil edib. İşsizliyə görə müavinətin orta məbləği 246,2 manat olub. (APA)
Xəbər 396 dəfə oxunub.