"Azərbaycanda müəyyən insanlar KİV-lərin vasitələri ilə qriplə bağlı xof yaratmaq istəyirlər".
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin baş epidemioloqu İbadulla Ağayev deyib.
Onun sözlərinə görə, Azərbaycanda qriplə bağlı epidemioloji vəziyyət normaldır: "Bu baxımdan Azərbaycanda çox sakitlikdir. Qriplə xəstələnmə həmişə olub və bundan sonra da olacaq. Bu xəstəlik bütün dünyada var. Buna görə də heç bir qorxuya düşmək lazım deyil".
İ.Ağayevin sözlərinə görə, dünyada qrip pandemiyası başlamayıb. Azərbaycanda qripə yoluxma epidemiya şəklini almayıb. Buna da görə də qripin yayılma arenasının genişlənəcəyi barədə qorxunun yaranmasına əsas yoxdur.
Baş epidemioloq bildirib ki, ölkədə qripə yoluxma ilə bağlı vəziyyətin kəskinləşəcəyi barədə heç kim proqnoz verə bilməz: "Bu, insanın yalnız və yalnız özündən asılı olan xüsusiyyətdir. Yəni havaların soyuması ilə əlaqədar hər bir insan özünü qoruyarsa, gigiyenik qaydalara əməl edərsə, xəstələnmə halları da baş verməyəcək. Ancaq istər evdə, istərsə də kütləvi yerlərdə xəstə olan şəxslər varsa, onda xəstələnmə halı da baş verəcək".
İ.Ağayev qeyd edib ki, ölkədə ayrı-ayrı insanlar qripə yoluxurlar. Onlar da müvafiq tədbirlərin görülməsi üçün sahə həkimlərinə müraciət etməlidirlər.
Baş epidemioloq onu da tövsiyə edib ki, havaların soyuması ilə əlaqədar insanlar özlərini qripdən qorumaq üçün geyimlərinə və sağlam qidalanmalarına fikir versinlər.