Cari ilin yanvar-iyun ayları ərzində Azərbaycanda 973,8 kq qızıl hasil olunub.
Aktual.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi xəbərə görə, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,9% azalma deməkdir.
Cari il iyulun 1-nə 23,1 kq hazır məhsul ehtiyatı yaranıb.
Bu müddətdə gümüş hasilatı isə 4,2 dəfə artaraq 195,5 kq təşkil edib. Hazır məhsul ehtiyatı 24,3 kq olub.
Qeyd edək ki, Azərbaycanda qızıl və gümüş 1997-ci il avqustun 21-də imzalanmış PSA (Hasilatın Pay Bölgüsü) tipli müqavilə çərçivəsində hasil olunur. Müqavilə 6 yatağın - Naxçıvanda 1, Gədəbəydə 2, hazırda erməni işğalı altında olan Kəlbəcər və Zəngilanda 3 yatağın işlənməsini nəzərdə tutur. Müqavilədə Azərbaycanın payı 51%, Böyük Britaniyanın "Anglo-Asian Mining Plc." şirkətinin payı 49% təşkil edir. İlk qızıl hasilatına ("Gədəbəy" yatağında) 2009-cu ildə başlanıb.