Azərbaycan Mərkəzi Bankı (AMB) ölkə prezidentinin 22 iyul 2022-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş "2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” rəhbər tutulmaqla pul siyasətinin yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində işləri intensivləşdirib.
Aktual.az xəbər verir ki, bu barədə məlumatı Mərkəzi Bank yayıb.
Məlumata görə, AMB-nin İdarə Heyətinin bu ay qəbul etdiyi müvafiq qərarlarla sabahdan pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqinə başlanılacaq. Belə ki, daimi imkanlar (bankların təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) alətləri işə salınmış və açıq bazar əməliyyatlarının (qurumun təşəbbüsü ilə keçirilən sterilizasiya və likvidliyin verilməsi əməliyyatları) çeşidi genişləndirilib. Pul siyasətinin əməliyyat çərçivəsi üzrə edilmiş dəyişikliklər beynəlxalq təcrübənin və ölkənin yerli xüsusiyyətlərinin təhlili əsasında həyata keçirilib.
Daimi imkan alətləri olaraq sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatlarının, likvidliyin verilməsi məqsədilə isə 1 günlük əks-repo əməliyyatlarının aparılmasına başlanılıb. Sterilizasiya məqsədilə 1 günlük depozit əməliyyatları üzrə faiz dərəcəsi faiz dəhlizinin aşağı həddinə, likvidliyin verilməsi məqsədilə 1 günlük əks-repo əməliyyatları üzrə faiz dərəcəsi isə faiz dəhlizinin yuxarı həddinə bərabərdir.
Açıq bazar əməliyyatlarının təkmilləşdirilməsi çərçivəsində sterilizasiya məqsədilə zəruri halda 1, 3, 6 və 9 aylıq notlarla yanaşı 7 günlük repo hərraclarının keçirilməsi nəzərdə tutulur. Likvidliyin verilməsi yönümlü açıq bazar əməliyyatları olaraq zəruri hallarda 7 günlük əks-repo hərraclarının keçirilməsi planlaşdırılır. 7 günlük repo əməliyyatları üzrə faizlərin faiz dəhlizinin aşağı həddi ilə uçot dərəcəsi arasındakı intervalda tənzimlənməsi nəzərdə tutulur. 7 günlük əks-repo əməliyyatlarına görə faizlər uçot dərəcəsi ilə faiz dəhlizinin yuxarı həddi arasındakı intervalda müəyyənləşəcək. 1, 3, 6 və 9 aylıq notların gəlirliyi isə bazarda tələb-təklif nisbətindən asılı olaraq formalaşacaq. Pul bazarı, xüsusilə də banklararası bazardakı vəziyyətdən asılı olaraq digər açıq bazar əməliyyatları da tətbiq oluna bilər.
Ətraflı
Pul siyasəti alətlərinin yeni konfiqurasiyada tətbiqi faiz dəhlizi parametrlərinə də baxmağı zəruri edib. Qiymətləndirmələr göstərib ki, faiz dəhlizi parametrlərinə dəyişiklik etmədən yeni alətlərin tətbiqi pul bazarındakı faizlərdə kəskin dəyişkənliyə səbəb ola bilər. Bank sektorunda mövcud olan struktur profisiti şəraitində banklararası bazarda qısamüddətli faizlər, eləcə də bəzi müddətlər üzrə notlar və dövlət qiymətli kağızlarının gəlirliyi AMB-nin faiz dəhlizinin aşağı həddindən əhəmiyyətli aşağıdır. Ona görə də pul siyasətinin əməliyyat çərçivəsinin təkmilləşdirilməsi və banklararası pul bazarının aktivləşdirilməsinin ilkin mərhələsində AMB-nin faiz dəhlizinin aşağı həddinin sabahdan 4% səviyyəsində müəyyən edilməsi qərara alınıb. Bu bank sektorundakı izafi likvidliyin əlverişli şərtlərlə sterilizasiyası və banklararası pul bazarında tarazlı faizlərin formalaşması imkanlarının yaranması baxımından məqsədəuyğun sayılıb. AMB qısamüddətli pul bazarının müxtəlif seqmentlərində faizlərin kəskin dəyişkənliyinə yol vermədən banklararası faizləri mərhələlərlə faiz dəhlizinə yaxınlaşdırmaq hədəfini qarşıya qoyub. Makroiqtisadi durum və banklararası bazardakı vəziyyətdən, eləcə də yeni alətlərin tətbiqinin maliyyə bazarının müxtəlif seqmentlərinə təsirlərindən asılı olaraq AMB-nin faiz dəhlizinin eni daraldılacaq.
Yeni alət arsenalının tətbiqi sterilizasiya əməliyyatlarının aktivləşməsilə müşayiət olunacaq ki, bu da pul bazarında faizlərin uçot dərəcəsinə yaxınlaşmasına və beləliklə faiz dəhlizinin pul bazarının müxtəlif seqmentlərində faizlərə transmissiya effektinin yüksəlməsinə gətirib çıxaracaq. Eyni zamanda sterilizasiya əməliyyatlarının aktivləşdirilməsi inflyasiya təzyiqlərinin artması şəraitində kredit qoyuluşlarının balanslı artımının təmin edilməsi və ortamüddətli perspektivdə ölkədə makroiqtisadi sabitliyin qorunması, o cümlədən valyuta bazarında tarazlığın dəstəklənməsi baxımından vacibdir.
Yeni əməliyyat çərçivəsinin effektiv tətbiqinə şərait yaratmaq üçün banklararası pul bazarının aktivləşdirilməsi istiqamətində də işlər görülüb. Banklararası pul bazarının aktivləşməsi məqsədilə alternativ əməliyyat platforması təklif olunub. Belə ki, manatla banklararası təminatsız kredit əməliyyatlarının "Bloomberg” ticarət sistemi vasitəsilə bağlanmasına dair yeni kollektiv saziş qüvvəyə minib.
Banklararası bazarın inkişafı istiqamətində digər mühüm tədbir istinad faizi indekslərinin hesablanması metodologiyasının tətbiqidir. Pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksinin hesablanması və açıqlanması pul siyasətinin əməliyyat hədəflərinə nail olunmasının effektivliyini monitorinq etməyə imkan verəcək. Eyni zamanda banklararası pul bazarındakı əməliyyatlar üzrə reprezentativ faiz indeksləri kreditlər, istiqrazlar və törəmə alətlər kimi maliyyə alətlərinin tətbiqində istinad faiz rolunu oynayacaq.
AMB-nin pul siyasəti üzrə yeni alət konfiqurasiyası tətbiq etməsi və banklararası bazarda əməliyyatların aktivləşməsi imkan verəcək ki, banklar zərurət yarandığı təqdirdə qısamüddətli dövrə vəsait cəlb etsinlər. Bu da eyni zamanda banklarda hesablaşmaların fasiləsizliyini və dayanıqlığını dəstəkləməklə onlarda müxtəlif likvidlik normativlərinin vaxtlı-vaxtında təmin olunmasına şərait yaradacaq.
Yeni əməliyyat çərçivəsinin tətbiqi istiqamətində görülən tədbirlər pul siyasətinin alternativ lövbərinin formalaşmasına, pul siyasətinin transmissiyasında faiz kanalının gücləndirilməsinə xidmət edir. Yeni əməliyyat çərçivəsi perspektivdə inflyasiya proseslərinin və məzənnə risklərinin faiz dərəcələri vasitəsilə effektiv idarə edilməsinə imkan verəcək.
Xəbər 1188 dəfə oxunub.