Azərbaycanda elmi müəssisə (ali təhsil və elm müəssisələri) tərəfindən təşkil edilən bir ekspedisiyanın fəaliyyət müddəti ən çox 30 gün ola bilər.
Aktual.az APA-ya istinadən xəbər verir ki, Nazirlər Kabinetinin təsdiq etdiyi "Azərbaycan Respublikasında elmi ekspedisiyaların təşkili və aparılması Qaydaları"nda əksini tapıb.
Qaydaya əsasən elmi müəssisə tərəfindən təşkil edilən ekspedisiyalar elmi müəssisə rəhbərinin əmri əsasında yaradılır. Bu əmrlə ekspedisiyanın elmi məqsədi, ekspedisiyanın rəhbəri, ekspedisiyanın tərkibi, görüləcək işlərin planı və smeta xərcləri təsdiq edilir. Ekspedisiyanın fəaliyyəti 1 aydan çox davam edərsə, ekspedisiya yenidən yaradılır və smeta xərcləri hər ay yenidən təsdiq edilir. Ekspedisiyanın heyət üzvlərinin yuxarı say həddi 15 nəfər müəyyən edilir. Mülki-hüquqi müqavilə əsasında işə götürülən işçilərin sayı 3 nəfərdən çox olmamalıdır.
Elmi fəaliyyət istiqamətlərinə görə geoloji, geodinamik, geofiziki, seysmoloji, vulkanoloji, geokimyəvi, coğrafi, okeanoloji və dəniz hidrogeoloji, arxeoloji, paleontoloji, etnoqrafik, bioloji, zooloji, dilçilik və folklor ekspedisiyaları ola bilər. İş şəraiti və yerinə görə ekspedisiyalar suda və quruda aparılan ekspedisiyalara bölünür. Fəaliyyət ərazisinə və subyektlərinə görə ekspedisiyaların ölkədaxili elmi ekspedisiya (elmi müəssisə tərəfindən ölkə daxilində aparılan ekspedisiya), xarici elmi ekspedisiya (elmi müəssisə tərəfindən xarici ölkə ərazisində aparılan ekspedisiya), beynəlxalq elmi ekspedisiya (elmi müəssisə ilə yanaşı, bir və ya bir neçə xarici ölkənin elmi müəssisələrinin nümayəndələrinin iştirakı ilə aparılan ekspedisiya), idarələrarası elmi ekspedisiya (elmi müəssisə ilə yanaşı, digər qurumların əməkdaşlarının iştirakı ilə aparılan ekspedisiya), elmi müəssisə və təşkilat tərəfindən aparılan elmi ekspedisiya (iki və ya daha artıq elmi müəssisənin iştirakı ilə aparılan ekspedisiya) növləri var. Beynəlxalq ekspedisiyalar elmi müəssisənin tabe olduğu yuxarı təşkilatlar tərəfindən dövlət büdcəsində bu məqsəd üçün ayrılmış vəsait nəzərə alınmaqla ildə bir dəfə qəbul etdiyi müvafiq qərarlar əsasında (ildə 2 dəfədən çox olmamaqla) təşkil olunur. Çöl işləri aparılan yer ən yaxın yaşayış məntəqəsinə 5 km-dək olduqda ekspedisiya dəstələri və ya qrupları tərəfindən baza, anbar və digər vasitələrin icarəyə götürülməsinə yol verilir.
Çöl şəraitində aparılan ekspedisiyada iştirak edən əməkdaşlar (işçilər) ixtisaslarına və işləyəcəkləri iş şəraitinə uyğun olaraq Səhiyyə Nazirliyinin müəssisələrində məcburi tibbi müayinədən keçməlidirlər. Ekspedisiyada iştirak edən əməkdaşların (işçilərin) çöl şəraitində işləməyə yararlı və ya yararsız olması səhiyyə müəssisəsinin verdiyi arayış əsasında müəyyən edilir. Sağlamlığı ekspedisiyanın iş şəraitinə uyğun olmayan şəxslər çöl şəraitində aparılan elmi ekspedisiyalara cəlb edilmirlər. Dənizdə, çayda və göldə işləyən ekspedisiya dəstəsinin (qrupunun) əməkdaşları dəniz donanmasının mövcud tibbi müayinə təlimatına uyğun olaraq tibbi müayinədən keçməlidirlər. Ekspedisiyalara 18 yaşdan aşağı olan şəxslər cəlb edilmirlər. Ekspedisiya dəstəsinin (qrupunun) bütün əməkdaşları çöl şəraitində işə başlamazdan əvvəl işlədikləri sahənin başlıca xüsusiyyətlərini, baş verə biləcək mümkün təhlükələri və peşəkar iş üsullarını bilməli, həmin sahəyə aid spesifik işləri (üzgüçülük, avarçəkmə, alpinist ləvazimatlarından istifadə, at çapmaq), həmçinin ilkin tibbi yardım göstərməyi bacarmalıdırlar. Çöl şəraitində ekspedisiya rəhbərləri müvafiq ixtisas üzrə ali təhsil almış və ekspedisiya şəraitində 3 ildən az olmayaraq işləmiş şəxslər ola bilərlər. Rəhbərliyin və mühəndis-texniki personalın biliyinin yoxlanılması elmi müəssisənin attestasiya komissiyası tərəfindən həyata keçirilir. Mühəndis-texniki işçilər işə yenidən qəbul edildikdə, həmçinin gənc mütəxəssislər ekspedisiyalara göndərilməzdən əvvəl imtahan verirlər.
Düşərgəni dik, sıldırım, uçurumlu yamacın ətəyində, dərəli-təpəli yerlərdə və qurumuş çay yatağının dibində, aşağı, daşmağa meylli və tez-tez yuyulan sahildə, çay qolunda, adada, hündür ağaclarla örtülmüş enişlərdə yerləşdirmək qəti qadağandır. Düşərgə salarkən çadırın qurulması və digər yaşayış yerləri ağacların aşa biləcəyi yerlərdən kənarda olmalıdır. Düşərgənin sahəsini çör-çöp və daşdan təmizləyərkən gəmiricilərin, zəhərli ilanların və həşəratların yeri (sığınacağı) ola biləcək yuva və deşiklər doldurulmalıdır. Meşə ərazisi, çəmənlik və qamışlıqda sahəni təmizləyərkən zibilin yandırılması qəti qadağandır. Düşərgə çadırları külək tutmayan istiqamətdə möhkəm qurulmalı və suyun axması üçün arx qazılmalıdır. Düşərgə çadırları arasında məsafə ən azı 3,2 metr olmalıdır. Dağlıq və bütün başqa sahələrdə qış və payız fəsillərində çadırlar istiliklə təmin edilməli, çadırlarda qızdırıcı cihazlar (odun sobası, kerosin sobası və s.) olmalıdır. Qızdırıcı cihazlar qığılcımtutanla təchiz edilməli, çıxış boruları örtülü olmalı və ya qoruyucu hörgü ilə təmin edilməlidir. Çadırlarda şamları, yanacaqla işləyən lampaları və qızdırıcı sobaları yanan vəziyyətdə qoyub çadırın tərk edilməsinə yol verilmir. Həşərat çox olan yerlərdə çadırlar tənziflə təmin edilməlidir. Zəhərli ilan və həşərat olan yerlərdə çadırın döşəməsi keçə və qoyun dəriləri ilə örtülməlidir. Çadır və ya çarpayıların ətrafında ip qoymaq tövsiyə olunur. Gənə, zəhərli həşərat və ilan yayılmış ərazilərdə düşərgə yeri, çadırlar və yataq yerləri yatmazdan əvvəl yoxlanılmalıdır. Düşərgədə sanitar qovşağı, kanalizasiya və zibil tökmək üçün xüsusi yerlər yaradılır və su mənbələrinə zibil tökülməsinin qarşısı alınmalıdır. Düşərgə bir yerdə uzun müddət qalarsa, həmin ərazidə sanitariya-gigiyena qaydalarına ciddi əməl olunmalıdır. Çöl bölməsində çalışan bütün işçilər yola çıxmazdan əvvəl hərəkət marşrutlarının qaydaları üzrə yerli şəraitə uyğun olaraq ekspedisiya (qrup) rəhbəri tərəfindən göstəriş almalıdırlar. Bir nəfər üçün elmi ekspedisiyanın təşkili qəti qadağandır. Yola çıxan zaman ən təcrübəli işçi qrupunun rəhbəri təyin olunur. Avadanlıqla təmin olunmadan təyin olunmuş rayona və əraziyə yola çıxmaq qadağandır. Çovğun, qar, göy gurultusu, leysan, uzunmüddətli yağış, duman, qum fırtınası və digər təbii hadisələr baş verdikdə, marşrutu dayandırmaq və təhlükəsiz bir yerə sığınaraq hava şəraitinin düzəlməsini gözləmək lazımdır. Marşrutlar yalnız gündüz saatlarında həyata keçirilməli və işin bitməsi elə təşkil olunmalıdır ki, qaranlıq düşməzdən əvvəl hər kəs öz düşərgəsinə geri qayıda bilsin. Gecə vaxtı hərəkət etmək qadağandır. Dəniz sahilində ekspedisiya marşrutları həyata keçirilərkən suvarma və qabarma zonalarında gecələmək qadağandır.
Marşrutun istiqamətini itirmiş işçilər, marşrut boyunca hərəkəti dayandırmalıdırlar. Bu zaman yüksək və ya açıq yerlərdə tonqal qalamaqla tüstü yaymaq, eləcə də səs siqnallarından istifadə etmək tövsiyə edilir. Əgər işçinin qrupla heç bir əlaqəsi yoxdursa və ya işçi təyin olunmuş yerə vaxtında gəlməzsə, bölmə rəisi dərhal ekspedisiya rəhbərliyini xəbərdar etməli və həmin işçinin axtarışına başlanılmalıdır. Birgünlük marşrutdan qayıtmayan qrupun axtarışına ən geci 12 saatdan, bir neçə günlük marşrutdan qayıtmayan qrupun axtarışına isə 24 saatdan sonra başlamaq lazımdır. Axtarış qruplarının tərkibinə bölmənin ən təcrübəli işçiləri daxil edilməlidir. Axtarış qrupları xəritə, kompas, zəruri xilasetmə vasitələri, ərzaq və kommunikasiya vasitələri ilə təmin edilməli, araşdırdıqları və hərəkət etdikləri ərazi ilə tanış olmalıdırlar.
Elmi müəssisənin tabe olduğu yuxarı təşkilatın və müvafiq dövlət orqanının icazəsi olmadan itmiş şəxslərin axtarışı, yalnız onların ölümü haqqında şübhəsiz dəlil əldə olunduğu təqdirdə dayandırıla bilər. Zəhərli həşərat və ilan sancmasından qorunmaq üçün açıq ayaqqabı geyinmək, həmçinin nümunələr götürmək üçün daşı çəkiclə vurmadan çevirmək qəti qadağandır. Ot və kol basmış yerlərdə gəzinti zamanı çubuqdan istifadə etmək lazımdır. İlan və ya qaraqurd (zəhərli hörümçək) sancması zamanı yaraya dərhal novokain sürtülməli və zərərçəkmiş təcili olaraq yaxın tibb müəssisəsinə çatdırılmalıdır. Uçqun təhlükəsindən qorunmaq üçün qışqırmaq, daşı yerindən tərpətmək qadağandır.