Əfsələddin Ağalarov
Bu iş sizin təxmin etdiyinizdən də çox yorucudur. Həm də çox yorucu.
İnsan bu işlə məşğul olduqca zamanla nə qədər tez qocaldığını kənardan görür. Ağır işdi. Özü qədər məsuliyyətli, özü qədər ağır bir yükün altına girməkdir. Cəsarətdən o tərəfədi. Dalında dayanmaq lazımdır bu işin. Hətta sonun görünsə belə dönməmək lazımdır bu işdən. Bu işin arxasında dura bilməmək həyatında ən çox dəyər verdiyin bir qadına xəyanət etmək qədər aciz duruma düşməkdir. Bu işin adı yazmaqdır.
Yazmaq ciyəri iki qəpik etməyən insanların təhqirləri ilə üzləşməkdir. Yazmaq qarnı burnuna dəyən, “papa”larının adı ilə ad qazanan, haqsızlığı əlində bayraq edib yetimi təpiyi ilə əzən o harınlamışların hədələrinə məhəl qoymamaqdır. Yazmaq evinə aparacağı son çörək pulu əlindən alınan adamın yanında kasıbcasına durmaq və sənə onun yanında durmamaq üçün qucaq dolusu pul təklif edən adamların sinəsindən əlinlə itələmək qədər cəsarət tələb edən bir işdir. Yazmaq qədər çətin peşə yoxdur inanın. Sizin düşündüyünüz qədər asan və bekara iş deyil yazmaq. Bu iş ilahi bir missiyadır.
***
Yadımdan heç çıxmaz, düz 5 il bundan öncə əl sıxışdıq bir gənclə. Əl sıxışdıq ki, bir yola çıxacağıq. Bu missiyanı canımızın imkan verdiyi yerə qədər sürükləyərək də olsa aparmağa söz verdik. Yazmağa söz verdik. Yaratdıq “azxeber.com”u. İki nəfərin cibindən çıxan düz 30 manata.
***
Anamızın, atamızın gecələr durub bizi məzəmmət etdiyi o günlər idi. Hamı gecələr yatmamağımızı yalnız bir işlə əlaqələndirirdi. Hesab edirdilər ki, qızlarla çənə döyürük. Hesab edirdilər ki, o qızlarla gecələr ancaq məlum işləri gerçəkləşdirəcəyimiz dəqiqələrdən danışırdıq. Amma elə deyildi.
Hər gün normal insanların kimi gecə 12-də yerinə girib şirin yuxudan məhrum olmağı qəbullandığımız an sevdiyiniz işlə məşğul olduğumuz anlar idi. O gecələr FHN, Təcili Tibbi yardım stansiyalarına zəng edib xəbərləri ikinci mənbədən dəqiqləşdirməklə məşğul idik. O gecələr hamı yuxuda olanda yuxusuzlara xəbərlərimizi çatdırmaqla məşğul idik.
Səhərlər isə çox çətin olurdu bizim üçün. Yuxusuzluq səhərlər özünü büruzə verirdi. Qəlbimizdə dərsə gecikmək xofu var idi. Zəng edib bir-birimizə “qayıb” yazdırmamağı təkidlə xahiş edirdik. Müəllimlərə yalvar-yaxarla dostuma qayıb yazdırmamaq üçün etdiyim xahişlər hələ də yadımdadı.
O da yadımdadır ki, hamı dəftərini-kitabını açıb imtahan suallarını və ya mühazirədəki qeydləri köçürdüyü zaman ayaqyolu adı ilə çölə çıxıb otağımızın düz bitişiyində olan kompüter otağına şütüyürdük. Tez xəbərləri yerləşdirib bizə gələn şikayətlərə göz atırdıq. Onları bir-bir işləyib sayta yerləşdirirdik.
Amma xoşbəxt idik. Bu günkü kimi.
***
Azxeber.com-u bax belə yaratdıq. Çoxunuzun oxuyub söydüyü, çoxunuzun səbəbini belə bilmədən “unlike” etdiyi, çoxunuzun dəyər verib təşəkkür etdiyi bu layihəni biz belə yaratdıq. Bu gün Hacıbəy Heydərli ilə birlikdə yaratdığımız bu uşağın düz 5 yaşı tamam olur.
İllər sonra aramıza Ozal kimi sədaqətli, Günel kimi öz işinə bizdən çox can yandıran, Azər kimi işini ən yüksək peşəkarlıqla görən, Leyli kimi dostun işinə ürək qoyan insanlar qatıldı.
Məhz bu gün, dünyaya gəldiyi zamanlar eybəcər olduğunu düşünüb üzünü turşudan o kəslərin illər sonra boynu bükük şəkildə etdiyi xahişləri yerinə yetirən bu böyükürəkli, əzabkeş uşağın doğum günüdür. Bəli, bu gün bu körpənin əynində ucuz libaslar olsa belə o hər zaman böyük işlər görən və dimdik ayaqları üstündə dura bilən bir gücdədir.
Məhz bu gün 5 şam yandıracağıq onun üçün. Bizə yazmağı, dostluğu, ailəni, sevməyi, birlikdə olmağı öyrətdiyi üçün.
Bu gün tortumuzun üstündə sizin üçün də bir şam olacaq. Bizi bu 5 ildə tək qoymadığınız üçün tortumuzun üstündəki o şamı “püff” edib sizin yerinizə də söndürəcəyik. Ürəyimizdə tutduğumuz arzumuz isə bəllidir:
"Qoy tanrı bizə daha neçə belə yubileylər qeyd etməyi nəsib etsin. Amin!"