Amina Axmedova və Şakira İssufo Malunda ölkəmizdə təhsil alan xarici tələbələrdir. Universitetin qoyduğu tələblərə əsasən hər ikisi Azərbaycan dilində kurs keçib və dilimizi təmiz başa düşür, danışa bilirlər.
Aktual.az xəbər verir ki, qafqazinfo əcnəbi qızların Azərbaycanla bağlı təəssüratlarını hazırlayıb.
Qızları gözlədiyimiz zaman yataqxana işçisi ilə bir az söhbətləşmək imkanımız oldu. Dayı hər vəchlə bütün kollektivin malaziyalı (biz onun Mozambikdən olduğunu bilirdik) tələbə Şakiranı çox istədiyini deyirdi. Şakira ilə görüşdüyümüzdə söhbət dayıdan açıldı və gülərək Mozambikdən olduğunu bildirdi: "Artıq öyrəşmişəm. Onsuz da, hərə bir yer deyir: Afrika, Kolumbiya, Braziliya. Burada təhsilimin ikinci ilidir, ancaq onlar hələ də mənim haradan gəldiyimi öyrənə bilməyiblər".
Amina isə Türkmənistandandır və Şakiradan fərqli olaraq təhsil aldığı Qafqaz universitetində türkmən tələbələrin kifayət qədər çox olduğunu söylədi. Artıq 3 ildir ki, Azərbaycanda təhsil alır. İlk gəldiyi zamanlar elə də yaxşı danışa bilməsə də, artıq dilimizdə sərbəst yazıb danışa bilən Əminə bunun asan olmadığını deyib: "Mənə deyirdilər ki, sən qəsdən belə danışırsan. Özün dilimizi öyrənmək istəmirsən. Bir az da yad ölkədə utancaqlığım vardı. Ancaq aylar keçdikcə öyrəşdim, artıq bu dildə uzun-uzadı sərbəst danışa bilirəm. Bizim otağımızda qalan hər tələbə bir ölkədəndir, Mozambik, Türkmənistan, Kipr, Koreya. Hansı ölkənin milli bayramı olsa, həmin gün bizim otaqda şənlik var. Belə deyək, bizim balaca otağımız böyük mədəniyyətlərin qovuşma nöqtəsidir".
Universitetdə müəllimləri ilə görüşdüyümüzdə onlar Şakiranın bir az xəstə olduğunu demişdilər. Səbəbi isə Şakiranın bizim havalara hələ də öyrəşə bilməməsi imiş. Hər iki qızdan ilk gəldikləri zaman onlara nəyin qəribə gəldiyini soruşduğum zaman Şakiranın tərəddüdsüz cavabı hava oldu.
"Bizim ölkədə iki fəsil var: Yay və qış. Ancaq burada hava çox qəribədir. Mən gəldiyim zaman soyuq idi, hələ də öyrəşə bilməmişəm. Bilmirəm o da havadandır, ya yox nəsə bu ölkənin insanları da bir-birinə qarşı çox soyuqdur. Bizdə avtobusa mindiyimiz zaman hamı bir-biri ilə danışacaq, güləcək. Burada avtobusa minəndə salam verirəm, kimisi salam deyib başını aşağı salır, kimisi isə heç salamı almaq üçün belə başını yuxarı qaldırmır. Küçələrdə də belədir. Ona görə, gəldiyim birinci ildə öyrəşmək mənim üçün çox çətin oldu. Bundan başqa, tam fərqli bir dil öyrənməyə başladım. Əvvəllər "ə" , "ı" , "ç" hərfləri qəribə gəlirdi, onları deməyə çox çətinlik çəkirdim. Ancaq indi gördüyünüz kimi, bir cümləmdə neçə dənə "ç" hərfindən istifadə etdim".
Türkmənistan bizim kimi keçmiş MDB ölkələrindən olması, mədəniyyətlərin nisbətən yaxınlığı Amina üçün ölkəmizə uyğunlaşmağı daha asan etsə də, ona ən qəribə gələn şey kişilərin salamlaşan zaman yanaqdan öpüşməsi olub:
"Yeni gəlmişdim, bir də gördüm burada kişilər bir-biri ilə görüşən zaman yanaqdan öpüşürlər. Artıq 3 il olur ki, buradayam. Ancaq hələ də bu hala öyrəşə bilməmişəm. Bizdə, sadəcə, oğlanlar salamlaşır, vəssalam. Qızlarda da fərq var. Bizim qızlar küçəyə çıxan zaman və yaxud harasa gedəndə özünə bu qədər diqqət yetirmir. Çox zaman qızlar milli geyimdə, yaşmaqda olur. Sadə və rahat geyinirik. Ancaq burada bir yerə gedən zaman gərək xüsusi nəsə geyinəsən. Adicə dərsə gələn bir çox tələbənin hər səhər tezdən necə o cür hazırlaşmaq üçün vaxt tapdığını başa düşə bilmirəm. Türkmənistan ərazi baxımından böyük olsa da, əhalisi çox azdır. Ona görə də, sakitliyə öyrəşmişik. Bir də bizdə hər yer: küçələr, parklar çox təmiz olur. Əfsuslar olsun ki, Bakı haqqında bunu deyə bilmərəm. Çox gözəl şəhərdir, ancaq insanlar bu şəhəri nəsə təmiz saxlamaq istəmir. Yol kənarlarında, küçələrdə çox sayda tullantılar var. Bir neçə dəfə insanların əlindəki zibili yerə atmasının şahidi olmuşam. Bu, mənə çox qəribə gəlir. Axı nə üçün insan yerə zibil atsın?"
"Azərbaycan haqqında nə bilirsiniz" sualına Şakira tez əlindəki Atropatena tarixini göstərib, sabahkı dərs üçün öyrəndiyini bildirdi. Qızlar yataqxanada televiziyaya baxmasalar da, dərsdən sonra sinif saatında müəllimləri onlara Azərbaycan filmlərini izlədir. Maraqlıdır ki, Amina və Şakira Azərbaycanın 1960-70-ci illərdə çəkdiyi filmləri həm obrazlar, həm də təbii danışıq baxımından çox bəyənib: "Hazırda yaşadığımız ölkənin həm tarixini, həm də mədəniyyətini öyrənməyə çalışırıq. Bunu özümüzə borc bilirik. Yalan deməyim, indi çəkilən hər hansı bir filmi və yaxud verilişi izləməmişəm. Ancaq keçmiş filmlərdə həm danışığı, həm də obrazları çox bəyənirəm. Orada nəsə sözlər daha aydın və təmiz səslənir. İndi ətrafımızda olan çox insan danışığında sözləri qəribə bir şəkildə uzadır, ya da başqa bir formada deyir. Müğənnilərdən də bircə milli bir mahnısını eşitdiyim qız var, səhv etmirəmsə, adı Röyadır. Onu tanıyıram, pis oxumur".
Qonaqpərvərliyimiz onların da diqqətindən yayınmayıb. Ləvəngi isə Şakiranın ən sevimli yeməyi olub.
"Bircə onu bilirəm ki, azərbaycanlılar çox qonaqpərvər və yardımsevərdir. Nə vaxt nə kömək istəsən, yox cavabı almazsan. Qrupda çox azərbaycanlı dostum var və bunu onların hər birində müşahidə etmişəm. Düzdür, mütləq qarşılıq gözləyənlər də var, ancaq səxavətliləri, həqiqətən, çoxdur. Bütün yeməkləriniz gözəldir. Ancaq ləvəngi tamam başqa yeməkdir. Ölkəmdə hər kəsə bu yemək haqqında danışmışam. Bizdə yaxşı yeməklərə xüsusi fikir verilir. Adicə 15-16 yaşına çatan qızların yemək bişirə bilməməsi ayıb haldır".
Son olaraq qızların ölkəmiz haqqında təəssüratları.
Şakira: "Mozambiklə Bakı arasında 18 saatlıq bir məsafə var. İqlim tam fərqlidir, dil də həmçinin. Ancaq çox mehriban bir mühitdəyəm. Artıq bura da mənim başqa vətənimdir".
Amina: "Həm türkmən, həm də azərbaycanlı dostum çoxdur. Bakını da sevirəm. Xüsusilə də İçəri şəhər çox gözəldir. Hələ bir neçə il də burada olacam və çalışacam bu ölkəni daha yaxşı öyrənim".
Şakiranın gözəl səsi olduğunu eşitmişdik. Sonda ondan nəsə bir mahnı payımızı almayıb getmək olmaz deyib bir şey zümzümə etməsini xahiş etdik. Sağ olsun, xəstə olmasına baxmayaraq xahişimizi yerə salmadı və bizim üçün 3 gün əvvəl dostu Amina ilə birlikdə yazdığı "Qafqaz ailəsi" mahnısını və xalq mahnımız "Sarı gəlin"i oxudu.
Videonu izlədiyiniz zaman ifası haqqında nə üçün bir şey yazmadığımı çox gözəl anlayacaqsız. Qarşımda iki xarici vətəndaş otursa da, düz bir saat ərzində Azərbaycan dilində, demək olar ki, hər mövzudan danışdıq. Küçədə, marketdə, böyük şirkətlərdə rus, türk və ingilis dillərinin bir küncə sıxışdırdığı ana dilimizdə xarici vətəndaşlarla söhbətimin mənə yaşatdığı sevinc hissi ilə tələbələrə uğurlar arzulayıb layihəmiz üçün yeni iştirakçı axtarışına çıxdım.
// Aktual.az