Azərbaycanda kənd turizminin inkişafı üçün vergi güzəştlərinin tətbiq olunması təklif edilir. Bu, milli iqtisadiyyat və onun əsas sektorları üzrə strateji yol xəritəsinin hazırlanması çərçivəsində ölkə hökumətinə təqdim edilən təkliflər paketində nəzərdə tutulub.
Aktual.az bildirir ki, Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının prezidenti Ruslan Quliyev Trend-ə deyib ki, turistlər üçün nəzərdə tutulan müxtəlif suvenir və məhsullar istehsal edən, həmçinin turistlərə öz evini icarəyə verən region sakinlərinin gəlir vergisindən azad edilməsi təklif olunur.
O deyib: "Biz iki ildən beş ilədək müddətinə vergi güzəştlərinin tətbiq edilməsini təklif edirik. Bu, regionların dinamik inkişafına təkan verəcək və paytaxtdan regionlara işçi qüvvəsinin axınına gətirib çıxaracaq".
Bundan başqa, turizmlə məşğul olan kiçik və orta sahibkarlara uzunmüddətli kreditlərin aşağı faiz dərəcələri ilə verilməsi təklif edilir.
R.Quliyev əlavə edib ki, sağlamlıq turizminin payını artırmaq məqsədilə marketinq işi davam etdiriləcək: "2017-ci ilədək lokal və xarici infoturların sayını iki dəfə artırmağı planlaşdırırıq".