Noyabrın 15-də Azərbaycanda isitmə mövsümünə başlamaq planlaşdırılır, lakin güclü soyuqlar olarsa, istilik daha əvvəl verilə bilər.
Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu "Azəristiliktəchizat" ASC-nin sədr müavini İlham Mirzəliyev deyib.
Onun sözlərinə görə, havalar çox soyuq olduqda, məktəb, uşaq bağçaları, doğum evləri, uşaq evləri və digər belə müəssisələrə istilik daha əvvəl verilir: "Bu müəssisələrin öz qazanxanaları olarsa, onlar isitməyə planlaşdırılmış müddətdən daha əvvəl başlamaq üçün ASC-yə müraciət edə bilərlər".
İ.Mirzəliyev qeyd edib ki, qış mövsümündə isitmə ilə bağlı problemlərin yaranmaması üçün ümumilikdə bütün zəruri tədbirlər görülüb: "Apreldə bütün təsərrüfatlarda hidravlik sınaqları, eləcə də qazanxanalarda, istilik mərkəzlərində çatışmazlıqların aradan qaldırılması və avadanlığın işlək vəziyyətə salınması üzrə işlər görülüb".
ASC rəsmisi əlavə edib ki, bütün zəruri tədbilər oktyabr ayında başa çatdırılıb, noyabr ayının əvvəlində isə təkrar sınaqlar həyata keçirilib.
ASC-nin sədr müavini diqqətə çatdırıb ki, ASC sovet dövründə tikilmiş binalarda isitmə sistemlərinin və sıradan çıxmış isitimə sisteminin bərpa edilməsi üzrə genişmiqyaslı iş aparıb: "Evlərə çatdırılan istilik xətlərini və daxili sistemləri tam bərpa etmişik. Sakinlərə mənzillərin daxilində boruları yeni plastik borularla əvəz etməyi təklif etmişik. İstiliyin qismən daxil olduğu evlərdə mənzillərin daxili isitmə xətlərinin bərpa edilməsi yalnız sakinlərin özündən asılıdır".