İşlər başa çatdı.
Bir neçə dəqiqə əvvəl Azərbaycanda internetin fəaliyyəti bərpa olunub, Aktual.az xəbər verir.
Qeyd edək ki, bütün ölkə ərazisində internet təxminən saat 16:05-16:10 radələrində kəsilib.
Altı saatlıq təmir işlərindən sonra respublikada internetin fəaliyyətini bərpa etmək mümkün olub.
Hadisəyə ölkədə əsas internet paylayıcısı olan Delta Telecom şirkətinin inzibati binalarından birində baş verən yanğın səbəb olub.
Rabitə və yüksək texnologiyalar nazirinin əvəzi İltimas Məmmədov “Delta Telecom” şirkətinə gedib və ölkəni internetsiz qoyan qəzanın səbəblərini araşdırır.
Bu barədə virtualaz.org saytına nazirlikdən məlumat verilib.
Digər məlumata görə, hüquq-mühafizə orqanlarının əməkdaşlarından ibarət xüsusi qrup da “Delta Telecom” şirkətinə gedib. Onlar da bu gün provayder şirkətinin xətlərində baş vermiş yanğının səbəblərini araşdırmaqla məşğuldur.
Hüquq-mühafizə orqanlarındakı mənbələrdən virtualaz.org saytına verilən məlumata görə, yanğının səbəblərinə dair hələ konkret versiya yoxdur.
Rabitə Nazirliyindəki mənbələr isə artıq ilkin versiyanın olduğunu bildiriblər. Mənbənin sözlərinə görə, bu gün səhər nazirlikdə keçirilən iclasda sistemin gücünü artırmaq üçün mütəxəssislərin provayder şirkətinin avadanlıqlarının modernləşdirilməsinə başlayacağı qeyd olunub.
Məlumata görə, bu işlər bu gün axşama qədər yekunlaşmalı idi.
Belə güman edilir ki, yanğın da xətlərin Yasamal rayonu ərazisindən ("20 yanvar" metrosu tərəfdə) keçən hissəsində iş görülərkən baş verib. Rabitə Nazirliyindən o da əlavə olunub ki, internet verilişi yaxın bir neçə saat ərzində bərpa olunacaq.
Aktual.az