Azərbaycan idmançıları bu il bir sıra mötəbər turnirlərdə iştirak etdilər. Təbii ki, ilin yarışı Tokioda keçirilən Yay Olimpiya Oyunları idi.
İdmançılarımız bu yarışda az məhsuldarlıq nümayiş etdirsələr də, digər turnirlər vasitəsilə bu uğursuzluğu az da olsa unutdura bildilər.
Bəs Azərbaycanda ilin idmançısı olmağa kim layiqdir?
Aktual.az xəbər verir ki, "oxu.az” bu sualla idmançıların özlərinə müraciət edib:
Hacı Əliyev (sərbəst güləş): "Mənim fikrimcə, İrina Zaretskaya və Rafiq Hüseynov bu ada layiqdir. Amma ədalət naminə qeyd etməliyəm ki, İrina bu il həm dünya çempionu oldu, həm də Olimpiadada ikinci yerə çıxdı. Ona görə də seçim etməli olsam, İrina variantını seçərdim”.
Rafiq Hüseynov (yunan-Roma güləşi): "Yunan-Roma güləşçisi Sənan Süleymanovu görürəm. O bu il Avropa üçüncüsü və dünya ikincisi olub. Həmçinin qadın güləşçimiz Mariya Stadnik də Avropa çempionu və Olimpiya üçüncüsü olduğu üçün bu ada layiqdir. Bir nəfəri seçməli olsam, Sənan Süleymanovun adını qeyd edərdim”.
Rəsul Çunayev (yunan-Roma güləşi): "Birmənalı şəkildə Rafiq Hüseynovu qeyd edərdim”.
Elis Manolova (qadın güləşi): "Mariya Stadnik”.
İrina Kindzerskaya (cüdo): "Mariya Stadnik. O yaşda dördüncü dəfə Olimpiya medalı qazanmaq asan deyil”.
Rüstəm Orucov (cüdo): "Rafiq Hüseynov, Hacı Əliyev və Rafael Ağayevi qeyd edərdim. Bu üçlük ilin idmançısı seçilməlidir. Əsas yarış Olimpiadadadır. Orda yer tutanlar ilin idmançısı olmağa layiqdir. Ancaq bir nəfəri seçməli olsam, Rafiq Hüseynovun adını çəkərdim. Çünki bu il o həm dünya çempionu oldu, həm də Olimpiya medalı qazandı”.
Milad Beiqi (taekvondo): "Rafael Ağayev”.
Rafael Ağayev (karate): "İrina Zaretskaya. Bu il dünya və Avropa çempionu oldu, Olimpiya ikincisi kimi gümüş medal qazandı”.
İrina Zaretskaya (karate): "Ölkənin yüksək səviyyəli idmançıları arasında mənim çoxlu dostlarım var: Bunlar Rafael Ağayev, Mariya Stadnik, İrina Kindzerskaya, Hacı Əliyev və Rafiq Hüseynovdur. Ancaq ən yaxşı kimi bir adamın adını çəkə bilmərəm”.
Əfran İsmayılov (futbol): "Hacı Əliyev. Olimpiadada yapon güləşçiyə uduzması üzücü olsa da, mən onu seçirəm”.
Eduard Məmmədov (kikboksinq): "Mənə elə gəlir ki, Rafiq Hüseynov bu ada layiqdir. Həm dünya çempionu oldu, həm də Olimpiadada üçüncü yerə çıxdı”.
Zabit Səmədov (kikboksinq): "Hacı Əliyev. O, güləşəndə mən həyəcan keçirirdim. Məncə, o, layiqdir”.
Beləliklə, sorğudan sonra nəticə belə alındı: İrina Zaretskaya - 2, Sənan Süleymanov - 1, Rafiq Hüseynov - 3, Mariya Stadnik - 2, Rafael Ağayev - 1, Hacı Əliyev - 2. Rafiq Hüseynov ən çox səs toplayan idmançımız oldu.
Qeyd edək ki, Rafiq Hüseynov bu il Norveçin paytaxtı Osloda dünya çempionu olub, ilk dəfə iştirak etdiyi Olimpiadada bürünc medal qazanıb.
Xəbər 642 dəfə oxunub.