Azərbaycanda hemodializ müalicəsi alan xəstələrin sayı açıqlanıb

Azərbaycanda hemodializ müalicəsi alan xəstələrin sayı açıqlanıb

"Hazırda Bakıda və regionlarda fəaliyyət göstərən 34 hemodializ mərkəzində 2 900-dən artıq xəstə dövlət vəsaiti hesabına hemodializ müalicəsi qəbul edir".

Bunu M.C.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, 2003-cü ildə Azərbaycanda 1, 2006-cı ildə isə cəmi 4 hemodializ şöbəsi vardı. Şöbə müdirinin sözlərinə görə, hazırda ölkədə 544 hemodializ aparatı xəstələrə xidmət edir.

F.Babayev bildirib ki, ölkədə müalicənin keyfiyyətinin yaxşılaşması, xəstələrin ömrünün uzanması, bu xəstəlikdən ölüm hallarının azalması nəticəsində dializlə əhatə edilən xəstələrin sayı hər il 20-22 faiz artır: "Dializ xəstələrinin dərman və tibbi ləvazimatlarla təminatı da tam həcmdə dövlət tərəfindən qarşılanır. Xəstələrə 171 həkim-nefroloq, 408 orta tibb işçisi xidmət göstərir".

Şöbə müdiri deyib ki, hazırda dünya əhalisi arasında xroniki böyrək çatışmazlığı (XBÇ) və bu səbəbdən dializ müalicəsinə cəlb olunan xəstələrin sayı artır: "Ümumdünya Səhiyyə Təşkilatının məlumatına əsasən, müxtəlif ölkələrdə hər 1 milyon əhalidən 800-1000 nəfərində xroniki böyrək çatışmazlığı xəstəliyi müşahidə olunur və onlardan 250-650 nəfəri dializ müalicəsi alır".
F.Babayev vurğulayıb ki, xroniki böyrək çatışmazlığı xəstəliyi hər hansı səbəbdən böyrəklərin funksiyasının tədricən zəifləməsi nəticəsində baş verən patoloji haldır: "Böyrəklərin xroniki iltihabı, irsi, allergik-immunoloji, infeksion xəstəliklər, eləcə də şəkərli diabet, hipertoniya, sistem xəstəlikləri, qida və dərman zəhərlənmələri, bir sıra uroloji obstruktiv patologiyalar xroniki böyrək çatışmazlığının baş verməsinə səbəb olur". (Report)

Xəbər 358 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR