11:47
Bu gün baş verən zəlzələ nəticəsində nə Şəki şəhəri, nə də rayonun kəndlərində insan tələfatı, xəsarət alan olmayıb. Bununla bağlı rayon ərazisindəki bütün xəstəxanalardan məlumat toplanıb. Bu barədə Trend-ə Şəki Şəhər İcra Hakimiyyətindən bildiriblər.
Şəki ŞİH-dən verilən məlumata görə, bu gün səhər Şəkidə saat 09:50 radələrində zəlzələ baş verib. Zəlzələ müəyyən ərazilərdə 7-6 bal, şəhər ərazisində isə 4,5 bal gücündə hiss olunub.
Rayonun bəzi ərazilərində, xüsusən də episentrə yaxın olduğuna görə Turan qəsəbəsində bəzi köhnə tikililərdə, evlərdə çatlar yaranıb: "Hazırda araşdırma aparılır. Mütəxəssislər yerlərə ezam olunublar, onlar yerlərdə tikililərə baxış keçirir, vəziyyətlə yerində tanış olurlar. Ona görə də yekun məlumatların olması üçün bir az vaxt tələb olunur".
Zəlzələ nəticəsində Şəki ŞİH-in inzibati binasında çatların yaranması haqqında məlumatların yayılmasına gəlincə, bildirilib ki, bu, belə deyil. Sadəcə, binada divarın tavanla birləşdiyi yerdə suvağın qopması baş verib.
-----------
11:29
Azərbaycanda bu gün səhər saatlarında baş verən zəlzələ nəticəsində Oğuz və Şəki rayonlarında bir sıra yaşayış məntəqələrindəki evlərdə çatlar əmələ gəlib.
Oğuz rayon Fövqəladə Hallar Komissiyasının (FHK) sədri Etibar Yusifov APA-ya bildirib ki, ilkin məlumata görə, rayonun Padar, Muxas, Qarabulaq, Kərimli kəndlərində bir sıra köhnə tikililərdə iri və xarda çatlar yaranıb. Bir neçə evin divarında isə azmiqyaslı uçma halları baş verib.
Şəki rayonunun icra qurumlarından da bildirilib ki, zəlzələnin episentrinə yaxın ərazilərdə - Turan qəsəbəsi, Sarıca kəndi və s. köhnə tikililərdə çatlar yaranıb.
Hər iki rayonun FHK əməkdaşları həmin ərazilərə ezam olunub, evlərə baxış keçirilir.
Xəsarət alan yoxdur.
Qeyd edək ki, zəlzələ Ucar, Göyçay, Ağdaş, Şamaxı, Zaqatala, Balakən, Qəbələ, İsmayıllı, Tovuz, Salyan, Sabirabad rayonlarında, Şirvan və Mingəçevir şəhərlərində də hiss olunub.
Həmin saatlarda Gürcüstan ərazisində də zəlzələ baş verib.
----------
11:03
Zəlzələ Şəkidə bəzi evlərdə çatlar əmələ gətirib. Şəki sakinlərinin Trend-ə verdiyi məlumtata görə, bəzi evlərin divarlarında zəlzələdən sonra çatlar yaranıb.
Föqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Oqtay Bayramov isə Trend-ə açıqlamasında bildirib ki, ilkin məlumatlara əsasən dağıntılar yoxdur: "Bölgədən məlumatlar gəlir. İlkin məlumatlarda dağıntıların olmadığı bildirilir. Amma Nazirliyin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi hazırda araşdırma aparır. Məlumatlar tam dəqiqləşdiriləndən sonra əlavə informasiya veriləcək".
Təqdim etdiyimiz şəkillər Ağdamda çəkilib.
---------
10:52
"Azərbaycan sesymik zonada yerləşir, ona görə bu cür zəlzələlərin baş verməsi təbii haldır". Bunu Trend-ə açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin mətbuat xidmətinin rəhbəri Vüsalə Rafiqqızı deyib:
"Buna güclü zəlzələ demək olar. Zəlzələnin episentri olan Şəki ərazisində zəlzələ 7 bala yaxın olub. Mingəçevir, Yevlax, Gəncə, Göyçay və digər bölgələrdə isə 5-6 bala yaxın hiss olunub. Dağıntılar barədə hələlik məlumat yoxdur".
Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.
----------
10:29
Trend-in Respublika Seysmoloji Xidmət Mərkəzinin saytına istinadən yaydığı məlumata görə, bu gün yerli vaxtla saat 09:49:36-da Şəkidən 29 km aralı Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 7 bal, yaxın yaşayış məntəqələrində 6-5 bala qədər hiss olunub. Zəlzələ yerin 13 kilometr dərinliyində baş verib, maqniturası 5,9 olub.
Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.
Ucar, Mingəçevir, Yevlax və Gəncədə, İsmayıllıda da zəlzələ olub. Verilən məlumatlara görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüblər.
-----------
10:09
Yevlaxda və Gəncədə də zəlzələ olub.
Bunu Trend-ə Yevlax və Gəncə sakinləri məlumat veriblər. Verilən məlumatlara görə, zəlzələ hiss olunub. Yerli sakinlər təşvişə düşüb.
Xatırladaq ki, bir neçə gün əvvəl də Şəkidə zəlzələ olmuşdu.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən Milli.Az-a verilən məlumata görə, yerli vaxtla saat 09:49:36-da Şəki ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ episentrdə 6 bal, yaxın yaşayış məntəqələrində 4 bala qədər hiss olunub.
-----------
10:02
Azərbaycanda zəlzələ olub.
Oxucuların Milli.Az-a verdiyi məlumata görə, bu dəqiqələrdə İsmayılı rayonu ərazisində titrəmə olub.
Əlavə məlumat veriləcək.
/ Aktual.az