Səhiyyə Nazirliyində nazir Oqtay Şirəliyevin sədrliyi ilə 14 iyul tarixində geniş toplantı keçirilib.
Toplantıda müvafiq tədbirlərin hazırlanması və onların ətrafında zəruri addımların atılması tapşırığı verilib. Bu günlərdə Səhiyyə Nazirliyində görülmüş işlərə dair müşavirə keçirilib.
Aktual.az-ın məlumatına görə, səhiyyə nazirinin müavini Elsevər Ağayevictimaiyyəti maraqlandıran bütün sualları cavablandırıb.
E.Ağayevin sözlərinə görə, Tarif Şurasının 30 iyul qərarı ilə ölkədə 250-dən artıq ən vacib dərman vasitəsinin qiyməti tənzimlənib.:
“Bu qərarın əsas məqsədi əhalinin dərman alışına çəkdiyi xərclərinin azaldılması, eyni dərman preparatlarının ölkənin bütün apteklərində vahid qiymətə satılmasıdır”.
Nazir müavini yeni satış qiymətlərinin sentyabr ayının 15-dən qüvvəyə minəcəyini də bəyan edib.
“Qərar qüvvəyə mindikdən sonra tənzimlənən siyahıya daxil olan dərman vasitələrinin 20%-nin qiyməti 3 dəfədən çox, 40%-dən çoxunun qiyməti isə 2 dəfədən çox aşağı salınacaqdır. Ümumilikdə isə tənzimlənən dərman vasitələrinin 90%-nin qiyməti düşəcəkdir”.
E.Ağayev bildirib ki, Tarif Şurasının təsdiq etdiyi ilkin mərhələdə bu siyahıya əhali arasında ən çox rast gəlinən xəstəliklərin müalicəsi üçün dərman preparatları daxil edilib:
“İlin sonuna qədər Tarif Şurası tərəfindən Səhiyyə Nazirliyində qeydiyyatdan keçən dərman preparatlarının böyük əksəriyyətinin, gələn ilin mart ayına kimi isə bütün preparatların qiymətlərinin tənzimlənməsi tamamlanacaq”.