Azərbaycan Prezidenti İlham Əliyevin Milli Məclisə seçkiləri təyin etməsindən sonra Mərkəzi Seçki Komissiyası dərhal qanuna uyğun addımlar atmağa başlayıb.
Aktual.az xəbər verir ki, bu barədə MSK sədri Məzahir Pənahov Komissiyanın bu gün keçirilən iclasında deyib.
M.Pənahov bildirib ki, iclasın gündəliyinə daxil edilən sənədlər seçkilər üçün mühüm əhəmiyyət kəsb edir.
Daha sonra sənədlərin müzakirəsinə başlanılıb. Gündəliyə “Beşinci çağırış Azərbaycan Respublikasının Milli Məclsinə seçkilərin hazırlanıb keçirilməsi üzrə hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi, vətəndaşların seçki hüquqlarını pozan hərəkətlərdən (hərəkətsizlikdən) və qərarlardan şikayətlərin araşdırılması məqsədilə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının nəzdində ekspert qrupunun yaradılması və imza vərəqələrində, habelə namizədlərin, siyasi partiyaların, siyasi partiya bloklarının təqdim etdikləri sənədlərdə olan məlumatların düzgünlüyünü və müvafiq məlumatları yoxlamaq üçün işçi qrupunun yaradılması və tərkibinin müəyyən edilməsi məsələləri daxil edilib.
Təqvim planına əsasən Milli Məclis üzvlüyünə deputatlığa namizədliklərin irəli sürülməsinə artıq start verilib.
Müzakirələrdən sonra sənədlər MSK üzvləri tərəfindən qəbul edilib.