Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin göstərişinə əsasən, yeni hərbi hissədə tikilən obyektlərin açılışı olub.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, əvvəlcə hərbi hissənin ərazisində ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri qoyulub.
Nazirliyin rəhbərliyi yeni inşa edilən qərargah, əsgər yataqxanaları, təbliğat materialları ilə tam təmin olunmuş ideoloji, xidməti, tədris və istirahət otaqları, brifinq zalı, interaktiv tir, döyüş texnikası üçün saxlanclar, sıra meydanı, yeməkxana, tibb məntəqəsi, hamam-camaşırxana, qazanxana kompleksi və digər obyektlərlə tanış olub.
Müdafiə naziri general-polkovnik Zakir Həsənov şəxsi heyət qarşısında çıxış edərək Ali Baş Komandanın ordu quruculuğuna göstərdiyi yüksək diqqətin nəticəsində son vaxtlar döyüş və mənəvi-psixoloji hazırlığın daha da gücləndirilməsi, hərbi qulluqçuların sosial-məişət şəraitinin yaxşılaşdırılması və maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində görülən işləri diqqətə çatdırıb.
Müdafiə naziri bildirib: “Bu gün yeni hərbi şəhərciyin açılışında iştirak edirik. Biz Ali Baş Komandanın orduya göstərdiyi diqqət və qayğının növbəti bariz nümunəsini görürük. Müasir, yeni tələblərə cavab verən qərargah, əsgər yataqxanaları, yeməkxana, digər xidməti və inzibati binalar sizin istifadənizə verilib.
Silahlı Qüvvələrdə tikinti işləri sürətlə və durmadan davam edir. İlin sonunadək birliklərdə, hərbi hissələrdə yeni tam təmin olunmuş 10-dək hərbi şəhərciyin inşasını yekunlaşdıracağıq. Bu, bir daha sübut edir ki, Ali Baş Komandan hərbi hissələrin, ordunun hətta hər bir kiçik problemi ilə yaxından maraqlanır, qayğısına qalır və bütün həyata keçirilən fəaliyyətləri nəzarətdə saxlayır.
Eyni zamanda, Silahlı Qüvvələrin istifadəsinə ən müasir döyüş texnikası, silah-sursat və yeni avadanlıqlar verilir. Sizin hərbi hissə də ən müasir zirehli döyüş texnikası ilə silahlanıb. Bir qədər əvvəl hərbi hissənin döyüş texnikasının yerləşdiyi saxlanclara baxdıq, aparılan işlərlə maraqlandıq və görülən tədbirlərin yüksək səviyyədə olduğunun şahidi olduq.
Möhtərəm cənab Prezidentimiz Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasda Silahlı Qüvvələrin xidməti döyüş fəaliyyətinə yüksək qiymət verib. Bu bizi yeni uğurlara sövq edir. Möhtərəm cənab Prezidentimiz qeyd edib ki, təmas xəttində Silahlı Qüvvələrimiz tam üstünlüyü əldə edib. Düşmənə sarsıdıcı zərbələr vurulub və nə qədər ki, bizim torpaqlarımızdadırlar, itkilər verəcəklər.
Biz hər birimiz xidmət yerimizdə çalışmaqla qələbəmizi yaxınlaşdırırıq. Məqsədimiz birdir: qısa müddətə torpaqlarımız işğaldan azad olunmalıdır. Bunu Silahlı Qüvvələrdən xalqımız və Ali Baş Komandan tələb edir. Bu vəzifəni yerinə yetirmək üçün bütün Silahlı Qüvvələr yüksək səviyyədə çalışaraq buna nail olmalıdır. Bir daha Ali Baş Komandanı və xalqımızı əmin etmək istəyirəm ki, Silahlı Qüvvələr qarşıda duran müqəddəs vəzifəni qısa müddətdə və uğurla yerinə yetirməyə hazırdır”.
Sonra çıxış edən birlik komandiri göstərilən diqqət və qayğıya görə Ali Baş Komandana və Müdafiə Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirib.
Şəxsi heyət təntənəli marşla tribunanın önündən keçdikdən sonra Müdafiə Nazirliyinin rəhbərliyi hərbi qulluqçularla birlikdə nahar ediblər.
Sonra Müdafiə naziri hərbi hissədə işlə təmin olunmuş mülki qulluqçularla söhbət edib, müvafiq göstəriş və tövsiyələrini verib.