Azərbaycanda daha bir tarixi tapıntı

Azərbaycanda daha bir tarixi tapıntı

Ağcabədi rayonunun Minəxorlu kəndi yaxınlığında - Qarqarçayın yatağında eradan əvvəl VIII-VII əsrlər üçün səciyyəvi olan küplər aşkar edilib.

Aktual.az  bildirir ki, AMEA-dan Trend-ə verilən məlumata görə, mədəniyyət nümunələrini çayın yaxınlığında təsərrüfat işləri ilə məşğul olan Minəxorlu kənd sakinləri tapıblar. Sakinlər bu barədə kənd icra nümayəndəliyinə və Ağcabədi rayon Mədəniyyət və Turizm Şöbəsinə məlumat veriblər. Daha sonra AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun bölgədə tədqiqat aparan mütəxəssisləri bu barədə məlumatlandırılıblar.

Çay yatağında tədqiqat aparan AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun aparıcı elmi işçisi, Mil-Qarabağ ekspedisiyasının Qalatəpə dəstəsinin rəhbəri Təvəkkül Əliyev bildirib ki, tapılan küplər bir-birindən 100-120 metr aralı, iki qrup halındadır. Hər qrupda yan-yana bir ox boyunca düzülmüş üç küp var. Burada kənarlarına iri çay daşları qoyulmuş ocaq yeri də diqqəti cəlb edir. Onun içərisi təmizlənərkən sarı gilli torpaqda kömür qalıqlarına, saxsı qırıntılarına və sümük parçalarına təsadüf olunub.

Küplərdən dördü təmizlənərək tam açılıb. Bad üsulu ilə düzəldilən və müxtəlif ölçüdə olan bu küplər torpağa dik basdırılıb, kənarları gəc məhlulu ilə suvanıb. Onların yuxarı hissəsi dağılıb, bəzilərinin enli köbəli və kənarları kəndirvari naxışlı ağız hissələri içərisinə tökülüb. Küplərin mövcud hündürlüyü 0,8 metrə yaxındır. Gövdə hissədə diametrləri 0,9-1,1 metrdir. Yalnız 1 küpün gövdəsində üfqi çubuqvari qulpu olan saxsı qaba rast gəlinib. Bütövlükdə isə küplərin ətrafında və içərisinə dolmuş torpaqda Erkən Dəmir dövrünün son mərhələsi - eradan əvvəl VIII-VII əsrlər üçün səciyyəvi olan xeyli nazik divarlı, qara cilalı, çərtmə naxışlı, bardaq tipli qab qırıqlarına təsadüf olunub.

"İlkin araşdırmalar Qarqarçay hövzəsində açılan küplərin də həmin dövrə aidliyini və maye (su və ya şərab) saxlanılan anbarın bir hissəsi olduğunu göstərir. Görünür, istiqamətini dəyişən Qarqarçay bu anbarın yerləşdiyi sahədən keçərək onu öz yatağının bir hissəsinə çevirib. Anbarın yaxınlığında - Qarqarçayın sol sahilində yerləşən və bəhs olunan dövrə aid zəngin yerüstü materialları olan Qurdlutəpə yaşayış məskəni ilə bağlılığını ehtimal etmək olar. Azərbaycan tarixinin nisbətən zəif öyrənilmiş dövrünə aid bu abidələrin tədqiqi maraq doğuran yeni nəticələr verə bilər", - deyə arxeoloq bildirib.

Təvəkkül Əliyev qeyd edib ki, Qarqarçay hövzəsi Azərbaycan tarixinin müxtəlif dövrlərini özündə əks etdirən arxeoloji abidələrlə zəngindir. Hələ XIX əsrin sonlarından bu abidələr tədqiqatçıların diqqətini cəlb edir. Çayın Qarabağın həm dağlıq, həm də aran hissəsinə düşən sahillərində Tunc və Erkən Dəmir dövrünə aid kurqana, daş qutu tipli qəbirlərə, Antik və Orta əsrlərə aid nekropol və yaşayış yerlərinə tez-tez rast gəlinir. AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun Mil-Qarabağ arxeoloji ekspedisiyasının Qalatəpə dəstəsi artıq on ilə yaxındır Qarqarçayın sağ sahilində yerləşən qədim alban şəhər məskənində və onun yaxınlığındakı küp qəbirləri nekropolunda qazıntılar aparır. Dəstə, eyni zamanda, ətraf ərazilərdə kəşfiyyat-axtarış işlərini də həyata keçirir, təsərrüfat işləri zamanı aşkara çıxarılan yeni abidələri qeydə alıb sənədləşdirir.

Xəbər 314 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR