"Ya hansısa bambılı ilə ömürlük həbs, ya da..." Elşən Musayev

"Ya hansısa bambılı ilə ömürlük həbs, ya da..."     Elşən Musayev


 

Mən yaşda olanların uşaqlıq təəssüratı düşünürəm bənzərdir.

O mənada ki, əyləncəmiz, tərzimiz, bizə aşılanan tərbiyə və təlqin aşağı–yuxarı eyni olub…


Şablon geyim – yəni məktəbli forması, standart ”məktəb-ev marşrutu”, günortadan sonra məhəllədə bir az oynamaq, axşam ata işdən gəlincə dərsləri eləmək və s ilaxır..


Əlqərəz, Sovet psixologiyasının daşıyıcısı olan valideynlərimizin dünyaya baxdığı dar çərçivə bu baxışa müvafiq olaraq bizlər üçün də keçərli olub. Daima.
Hətta istəsəydik belə daha artığını edə bilməzdik. Çünki bəlli bir qəlibin imtiyazlarını və məhkumiyyətini daşıyırdıq… .

Bilmirəm xatırlarsız ya yox, amma bir ara uşağı lazım oldu-olmadı, istedadı var ya yox – fərq etməz inqibator kimi ucdantutma musiqi məktəbinə yazdırardılar. Hətta bu artıq dəb halını almışdı. Hərçənd gələcəkdə onların yüz yox, heç mində biri musiqiçi olmazdı. Şəxsən mənim tanıdığım böyük əksəriyyət həmin musiqi məktəblərinə candərdi gedərdi. Üstəgəl, 4 il, 5 il… 

Oysa, niyə? Nə idi səbəb? Bu mədəni işgəncə kimə lazım idi?

Bir az normal pulu, ya da vəzifəsi olan birinin öz övladları ilə bağlı ilk arzusu bu idi. Ta təməldən: “Qız həkim, oğlan prokuror olacaq”. Özü də hüquqşünas da yox ha, məhz prokuror. Və bir adam düşünmürdü ki, bəlkə bu uşağın başqa sahələrə marağı, arzusu var, ya da nə vaxtsa yarana bilər. Və ya bəlli dönəmdə kənardan elə bir istedad müşahidə olunar ki, fikir və təyinat tam dəyişər. Yox! Əstağfirullah. Nə danışırsız? Prokuror, vəssalam….

Bizim arzularımız bax belə bəsitləşdi, məcburi korrektəyə məruz qaldı. Zorlanaraq. Ən əvvəldən. Hətta oyuncaq dövründən. Məsələn, üç uşaq idiksə, bir kukla saçı tökülənə, ayaqları qopana qədər oynadılmalı idi… Üstəlik şablon bir frazanın müşayəti ilə: “Evdə “iqruşka” əlindən yer yoxdur”!!! Və o dövrün bir valideynini, atasını, anasını görmədim ki, oyuncağa məhz uşaq gözü ilə baxa, həmin oyuncağın əslində uşaq üçün ən böyük sərvət, xoşbəxtliyin tam zirvəsi olduğunu anlaya bilsin! Yox… Mümkün deyildi. Baxmadı. Anlamadı. Kimsə. Çünki o dünyani görə biləcək gözlər bağlı idi.

Qızların sevilmə və sevmə haqqı istila olunmuşdu. Olmazdı belə bir şey. Bu açıqca tərbiyəsizlik idi. Ona görə də dərrakəsindən və ağlından asılı olmayaraq dünyanın heç bir üzünü, sifətini görməyən saf balalar uzağı ikinci elçilikdə ərə verilərdi. Gerisi isə lotoreya idi: ya hansısa bambılı ilə ömürlük həbs, ya da... ən yaxşı halda arvad döyməyən, içməyən, çəkməyən biri ilə monoton həyat…

Oğlanlar da eyni, şablon rituallarla tərbiyə olunurdu. Hamı uşağını bir tək erkən yaşında siqaretdən çəkindirməyə çalışırdı. Bir də avara uşaqlarla oynamaqdan. Vəssalam. Sanki dünyanın məğzi buymuş, siqaret çəkməməklə, kiminləsə futbol, gizləncqaç oynamamaqla problem həllini tapırmış… Tapacaqmış. Oysa anlamırdılar ki, oğlan uşağının özgüvəni, adı, nüfuzu üçün məsələn sinifdə “birinci güclü”, “ikinci güclü”, “axırıncı güclü” olmaq nə deməkdir. Anlamırdılar ki, uşağı iradəsinə zidd gic-gic, dəxilsiz musiqi məktəblərinə qoymaqdansa, idmana aparmaq lazımdır. Anlamırdılar ki, kitabla, mütaliyə ilə siqareti də, avaraçılığı da insan beynindən birkərəmlik çıxarmaq, səviyyə və dünyagörüşü fərqini yaradınca hamını özünə uyğun çevrəyə yönləndirmək olar. Anlamırdılar ki, ana qızı ilə rəfiqə, ata oğlu ilə dost olmalıdır. Olmalıdır ki, onlar hər şeyi danışsın, bölüşsün, paylaşsın…

***

Qızınız, oğlunuz oyuncaq istəyirsə, başqa bir şey deyil, məhz oyuncaq alın. Qıyın onlara bu pulu. Əgər həmin an övladınızı xoşbəxt edəcək tək şey buysa, əsirgəməyin. Lütfən. Böyüyəndən sonra zatən həmin xoşbəxliyi milyardlar da xərcləsəniz onlara verə bilməyəcəksiz…

Güdməyin övladlarınızı. İstedadları yoxkən onları musiqi məktəblərinə yazdırmayın, başlarının üzərində gilyötün, domokl qılıncı kimi dayanmayın. Vallah ki, bu tərbiyə deyil!

Gərək olsa yalnış və günahlarına belə cavabdeh olun...


Onları daha tez düzəltmək, aradan qaldırmaq üçün…


Bunu sizdən gözəl kimsə bacarmaz…

Sevin balalarınızı! Fəqət düşündüyünüz kimi deyil, lazım olan kimi sevin.

...Qəlblərində bir ömürlük çapıq qoymadan…..


Xəbər 1265 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR