Azərbaycanda böyrək çatışmazlığından əziyyət çəkən xəstələrin sayı açıqlanıb.
Aktual.az APA-ya istinadən bildirir ki, M.Cavadzadə adına Respublika Klinik Uroloji Xəstəxanasının hemodializ şöbəsinin müdiri Fariz Babayev Azərbaycan Tibb Universitetinin Tədris-terapevtik klinikasında "Böyrək günü" ilə əlaqədar keçirilən elmi-praktik konfransda çıxışında deyib ki, hazırda Azərbaycanda 2842 nəfər xəstə dializ müalicəsi alır. Onun sözlərinə görə, həmin xəstələrin 1138-i Bakıda, 1704-ü regionlarda qeydiyyatdadır.
Bu gün Azərbaycanda 34 dializ mərkəzinin olduğunu deyən F.Babayev qeyd edib ki, onlardan 8-i Bakıda, 26-sı isə regionlardadır.
F.Babayevin sözlərinə görə, 2015-ci ildə 978 yeni xəstə qeydiyyata alınıb: "Ötən il 93 xəstəyə böyrək köçürülüb. Hazırda böyrək xəstəsi olan 611 nəfərin müalicələri davam edir. 764 xəstə isə dializdən xaric olunub. Böyrək çatışmazlığından əziyyət çəkən 606 nəfər ölüb".