Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarı ilə Naxçıvan Bank ASC-nin müraciəti əsasında onun lisenziyası ləğv edilib, bankın bazasında yaradılmış E-Kredit MMC bank olmayan kredit təşkilatına (BOKT) lisenziya verilib.
Aktual.az bu barədə AMB-yə istinadən xəbər verir.
Cari ilin ötən dövrünün maliyyə hesabatlarına əsasən Naxçıvanbank ASC-nin maliyyə göstəriciləri qənaətbəxş olmuş, likvid aktivləri kreditor öhdəliklərini dəfələrlə üstələyib. Beləliklə, Naxçıvanbank ASC-nin BOKT-yə çevrilməsi bankın səhmdarları tərəfindən qəbul edilmiş biznes qərarından irəli gəlib və Qaydalar əsasında həyata keçirilib. Bununla bağlı 22 may 2024-cü il tarixində Mərkəzi Bank tərəfindən Qaydalarla nəzərdə tutulmuş formada Naxçıvanbank ASC-yə qabaqcadan razılıq verilib. Yenidən təşkil prosesi çərçivəsində Naxçıvanbank ASC tərəfindən öz əmanətçiləri və digər kreditorları qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi planı təsdiq edilərək icrasına başlanılıb, bankın kreditorlarının məlumatlandırılması təmin edilib. Bu çərçivədə hesablarında olan vəsaitlərin əldə edilməsi üçün müraciət etməyən fiziki və hüquqi şəxslərin hesabları üzrə qalıqlar (cəmi 342 858.16 manat ekvivalenti) Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülüb, digər kreditorlar qarşısında olan öhdəliklər isə Naxçıvanbank ASC tərəfindən icra edilib.
Mərkəzi Bankda açılmış xüsusi hesaba köçürülmüş qalıqlar 45 hüquqi şəxs (cəmi 5 794.14 manat ekvivalentində), 297 fərdi sahibkar (cəmi 66 543.35 manat ekvivalentində) və 1918 fiziki şəxsə (cəmi 270 520.67 manat ekvivalentində) məxsusdur. Fiziki şəxslər hesab qalıqlarını nağd şəkildə, fərdi sahibkar və hüquqi şəxslər isə hesab qalıqlarını digər bank hesabına köçürmə yolu ilə 25.07.2024-cü il tarixdən etibarən Azərbaycan Respublikası Mərkəzi Bankının Naxçıvan Muxtar Respublikası İdarəsinə (Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi, 32) və Bakı şəhəri, Bülbül prospekti 27 ünvanında yerləşən inzibati binasına müraciət edərək əldə edə bilərlər.
Bildirilib ki, Mərkəzi Bankın İdarə Heyətinin yuxarıda qeyd olunan qərarı ilə Naxçıvanbank ASC-nin lisenziyasının ləğv edilməsi anına olan bütün aktivləri, o cümlədən kredit tələbləri hüquqi varisi olan E-Kredit Bank Olmayan Kredit Təşkilatı MMC-yə keçib. "E-Kredit Bank Olmayan Kredit Təşkilatı" MMC öz fəaliyyətini lisenziyası ləğv edilmiş Naxçıvanbank ASC-nin əvvəlki hüquqi ünvanında (Naxçıvan Muxtar Respublikası, Naxçıvan şəhəri, Cəlil Məmmədquluzadə küçəsi 27) həyata keçirəcək.
Xəbər 524 dəfə oxunub.