Azərbaycanda ana ölümlərinin səbəbləri araşdırılır

Azərbaycanda ana ölümlərinin səbəbləri  araşdırılır

Ötən il ərzində Azərbaycanda 23, bu il ərzində isə 3 ana ölümü hadisəsi baş verib. Bu ilki ölüm hadisələrinin ikisinin - Göygöl şəhər Mərkəzi Xəstəxanasının göndərişi ilə Respublika Klinik Xəstəxanasında yerləşdirilən və orada dünyasını dəyişən Gəncə şəhər sakini, 23 yaşlı Ülviyyə Abbasova, Bakı Sağlamlıq Mərkəzində dünyasını dəyişən 32 yaşlı Günay Ağayevanın ölümünün baş verməsinin səbəbi ağır preeklampsiya olub.

Aktual.az Trend-ə istinadən xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Doğuşayardım Komissiyasının sədri Leyla Rzaquliyeva deyib.

Onun sözlərinə görə, Tovuz Mərkəzi Rayon Xəstəxanasında dünyasını dəyişən 21 yaşlı Lalə Abbasovanın ölümü də laxtalanma sisteminin pozğunluğu səbəbindən baş verib: “Onun ölümünə preeklampsiyanın səbəb olduğu təxmin edilir. Hazırda ölümün səbəbi araşdırılır. O, çox ağır vəziyyətdə xəstəxanaya müraciət edib. Bakıdan oraya kömək üçün həkim briqadası da gedib. Amma əgər hamilə qadın preeklampsiya ilə xəstəxanaya gec gətirilərsə, heç bir həkim ona kömək edə bilməz. Çünki belə olduqda geriyədönməz proses baş verir. Bütün orqanlara qansızmalar olur, həyati vacib orqanlarda dəyişiklik gedir. Bundan sonra onu həyata qaytarmaq mümkün olmur. Səbəb budur. İndi ağır preeklampsiyanın müalicəsi yoxdur. Onun qarşısını almaq üçün mütəmadi olaraq, həkim nəzarətində olmaq lazımdır. Əgər qadının hamiləliyi nəzarətdə saxlanılarsa, xəstəliyin diaqnozu erkən mərhələdə qoyularsa və müalicə vaxtında aparılarsa, hamiləlik pozulmur və ölüm baş vermir”.

Bu il dünyasını dəyişən hər 3 qadında qeysəriyyə kəsiyi əməliyyatının aparılması üçün tibbi göstərişin olduğunu deyən L.Rzaquliyeva bildirib ki, preeklampsiya diaqnozu bu əməliyyatların aparılmasını zəruri edir. Komissiya sədri qeysəriyyə əməliyyatlarının həmin qadınların ölümünə səbəb olmadığını bildirib.

Onun sözlərinə görə, dövlət müəssisələrində qeysəriyyə kəsiyi əməliyyatlarının aparılmasına çox ciddi nəzarət edilir. Buna görə də dövlət müəssisələrində tibbi əsasları olmadan bu əməliyyatın aparılması halları az ola bilər.

L.Rzaquliyeva qeyd edib ki, 2014-cü illə ana ölümü əmsalı hər 100 min diri doğulmaya qarşı müqayisədə 14,6 idisə, bu il həmin göstərici 13,8-ə enib.

L.Rzaquliyeva deyib ki, ötən ilki ana ölümlərinin də əsas səbəbi ağır preeklampsiya olub.

Bütün ana ölümlərinin komissiya tərəfindən araşdırıldığını deyən L.Rzaquliyeva qeyd edib ki, hamilə qadınlarda bır sıra patologiyalar ana ölümü riskini artırır. Bunun qarşısının alınması üçün hamilə qadınlar vaxtında qeydiyyata düşməli, mütəmadi həkimə müraciət etməlidirlər və belə halların baş verməməsi üçün qadınlar arasında geniş maarifləndirmə işləri aparılmalıdır.

Xəbər 392 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR