Ağstafada baş verən dəhşətli qətl hadisəsinin bəzi təfərrüatları bəlli olub.
Aktual.az anspress-ə isinadən xəbər verir ki, Ağstafa Rayon Polis İdarəsindən verilən məlumata görə, Qırılı kəndində əslən Qazax rayonunun Şəhidlər Xiyabanı küçəsindəki evlərdən birində qeydiyyatda olan 1979-cu il təvəllüdlü Famil Pərvanəyev oğlu 2010-cu il təvəllüdlü Şəmsəddin Pərvanəyevi ağacla döyməyə başlayıb.
Familin oğluna ağacla vurduğu zərbələrdən biri onun başına dəyib və 6 yaşlı Şəmsəddin hadisə yerində dünyasını dəyişib. Həkimlər əraziyə gəldikdə uşaq artıq dünyasını dəyişmiş olub. Hadisəni törədən şəxs artıq tutularaq istintaqa təhvil verilib.
Qırılı kənd icra nümayəndəsi Elxan Qurbanovun bildirdiyinə görə, Famil Pərvanəyevin Qazax rayonunda ailəsi və övladları olub: "O, daha sonra Qırılıya gələrək Şəmsəddinin anası ilə ailə qurub. Onların iki övladı vardı. Famil bir müddət ikinci həyat yoldaşını da Qazağa apardı və orada yaşadılar. Ancaq daha sonra Bakıya gedərək bir müddət də orada qaldılar. Yaxın günlərdə isə kəndə qayıtmışdılar. Mənim bildiyimə görə, hadisə ehtiyyatsızlıqdan baş verib. Ancaq daha dəqiqini prokururluq araşdırır”.
Ümid İsgəndərov- qətlə yetirilən uşaq
Fevral ayının 16-da bənzər hadisə Beyləqanda da baş verib. Rayonun Yuxarı Kəbirli kəndində yaşayan Zahid Məhərrəm oğlu İsgəndərov 6 yaşlı oğlu Ümid Zahid oğlu İsgəndərovla kənddən bir az aralıda yerləşən pay torpaqlarına gedib. Bir müddət sonra isə Z. İsgəndərov özündən yaşca kiçik qardaşına zəng vuraraq 6 yaşlı oğlunun boğazını kəsdiyini bildirib. Daha sonra isə mobil telefonunu söndürərək ərazidən qaçıb.
Məsələdən telefon vasitəsi ilə xəbər alan əmi və ailə üzvləri dərhal torpaq sahəsinə gedib. Onlar 6 yaşlı uşağın meyitini görüblər. Kənd sakinləri qətli törədən şəxsin psixoloji problemlərinin olmadığını, ancaq içki aludəçisi olduğunu bildirmişdilər.
Qətlə yetirilən uşaq kənd orta məktəbənin 1-ci sinif şagirdi olub.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 6 yaşlı övladının boğazını kəsərək onu qətlə yetirməkdə şübhəli bilinən ata yaxalanıb.