"2011-ci ildən Azərbaycanda 2419 nəfər rezidenturaya qəbul olub".
Aktual.az Trend-ə istinadən bildirir ki, bunu Səhiyyə Nazirliyinin kadrlar, elm və təhsil şöbəsinin mütəxəssisi Təranə Əhmədova jurnalistlərə deyib.
Onun sözlərinə görə, Azərbaycanda həkim-mütəxəssislərin rezidentura səviyyəsində hazırlığına 2011-ci ildən başlanılıb.
Rezidentlərin hazırlığı Nazirlər Kabinetinin qərarı ilə təsdiq olunmuş qaydalara uyğun olaraq, ixtisaslar üzrə təhsil proqramları əsasında 40 ixtisas üzrə 2 ildən 5 ilədək müddətdə aparılır.
T.Əhmədova deyib ki, hazırda 1874 rezident rezidentura səviyyəsində təhsil alır. Hazırda 40 klinik bazada rezidentlərin hazırlığı həyata keçirilir.
Nazirlik rəsmisi qeyd edib ki, 2013-2014-cü tədris ilindən başlayaraq, müxtəlif ixtisaslar üzrə rezidentura təhsili alan 150-yə yaxın rezident Səhiyyə Nazirliyinin göndərişi ilə rezidentura hazırlığının 1 aydan 3 ayadək hissəsini Türkiyə və Almaniyanın qabaqcıl klinikalarında keçib.
T.Əhmədova əlavə edib ki, rezidenturanı bitirən həkim-mütəxəssislərin ilk buraxılışı iki illik təhsil müddətli ixtisaslar üzrə 2013-cü ildə olub. Ümumiyyətlə isə bu günədək 27 ixtisas üzrə 275 nəfər rezidenturanı uğurla bitirərək ""həkim-mütəxəssis" ali peşə ixtisas dərəcəsi alıb.