Bu il Azərbaycanda ilk dəfə olaraq magistraturaya qəbul olaraq hərbi xidmətdən möhlət hüququ veriləcək gənclərin ilkin sayı məlum olub.
Aktual.az bildirir ki, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından APA-ya verilən mlumata görə, bu il ali təhsil müəssisələrinin magistratura səviyyəsinə 4640 nəfər qəbul olub. Bildirilib ki, onlardan 1622-si oğlan, 3018-i qız abituriyentlərdir.
Qeyd edək ki, prezident İlham Əliyev "Hərbi vəzifə və hərbi xidmət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" qanunun qüvvəyə minməsi barədə sərəncam imzalayıb. Qüvvəyə minən yeni qanuna əsasən bundan sonra Azərbaycanda əyani təhsil alma formasında magistraturada, doktoranturada, xarici ölkələrin təhsil müəssisələrində əyani təhsilalma formasında ali təhsil pilləsinin magistratura və doktorantura səviyyələrində də təhsil alanlara müvafiq təhsilini bitirənədək hərbi xidmətə çağırışdan möhlət veriləcək.
Xatırladaq ki, ali təhsil müəssisələrinin magistratura səviyyəsinə qəbul olunan bakalavrların qəbul olunduqları ali təhsil müəssisələrində qeydiyyatı 28 iyun - 11 iyul tarixlərində aparılıb. Magistraturaya qəbul olunan 5359 bakalavrdan ( o cümlədən "ADA" Universitetinə və M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialına qəbul olunan) 4640 nəfəri ali təhsil müəssisələrində qeydiyyatdan keçib. Boş qalan plan yerlərinə ixtisaslaşma seçimi isə 8-14 avqust tarixlərində aparılacaq.