Azərbaycanda 141 kiloqram heroinlə saxlanılan Tacikistan vətəndaşı İsmayılov Muxameddin ölkəsində qadağan edilən ekstremist və terrorçu İslam Dirçəliş Partiyasının üzvü olub.
Aktual.az qafqazinfo-ya istinadən bildirir ki, bu barədə Tacikistan DİN mətbuat xidməti məlumat verib.
Məlumata görə, İsmayılov 3 ay əvvəl İrana gedib və beynəlxalq avtomobil şirkətlərindən birində işə düzəlib. İrandan narkotik gətirərək onu Azərbaycanda 3 milyon dollara satmaq istəyib.
Qeyd edək ki, avqustun 14-də Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən İran İslam Respublikasından gələn Tacikistan vətəndaşı İsmayılov Muxameddin Sobirjonoviçin idarə etdiyi "DAF" markalı GP6925/N6775 nömrəli yük maşınına rentgen aparatı vasitəsilə baxış keçirilmiş və narkotik vasitə aşkarlanmışdı.
Tacikistan vətəndaşı ilkin ifadə zamanı Azərbaycandan tranzit keçməklə Gürcüstana, oradan isə Ukraynaya getmək istədiyini bildirmişdi.