“Azərbaycana qarşı təxribatçı fəaliyyətə son qoyulmalıdır” - Elçin Mirzəbəyli

“Azərbaycana qarşı təxribatçı fəaliyyətə son qoyulmalıdır”  - Elçin Mirzəbəyli

Elçin Mirzəbəyli: “Bir neçə il öncə Azərbaycanın xarici siyasətinin strateji hədəflərinin dəyişdirilməsi üçün referendum keçirməyə hazır olanlar indi ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş ümumxalq səsverməsinin əleyhinə çıxış edirlər”

BAXCP sədrinin müavini, siyasi şərhçi Elçin Mirzəbəylinin müsahibəsini oxucularımıza təqdim edirik

- Elçin bəy, son günlər müxalifətin radikal qanadında baş verən qəfil ajiotajı necə dəyərləndirirsiniz?

- Tamamilə doğru vurğuladınız. Məhz ajiotaj! Türkiyədə FETÖ qruplaşmasının qiyama uğursuz cəhdindən dərhal sonra radikal düşərgədə baş verən qəfil canlanma proseslərin bir-birilə əlaqəli olduğunu göstərir. Əli Kərimli və onun kimi xaricdən idarə olunduğu faktlarla sübuta yetirilmiş “milli mura” adlanan qurumun birdən-birə ölkədə gərginlik yaratmaq istiqamətində hərəkətə keçməsi, FETÖ qiyamçıları ilə oxşar tezis və şüarlarla çıxış etməsi də real mənzərəni dəyərləndirməyə imkan verir. Görünür, ABŞ-Gülən şəbəkəsi və bəzi region ölkələri Azərbaycanda vəziyyəti gərginləşdirməyə çalışırlar və öz ənənəvi metodlarından əl çəkməyiblər. Bu şəbəkənin idarəçiliyində olanlar da təbii ki, öz mahiyyətlərini dəyişməyiblər. Yəni görünən odur ki, Əli Kərimli və onun ətrafı anti-Azərbaycan dairələrin sifarişlərini yerinə yetirməkdə israrlıdır və öz xəyanətkar simasına normal vətəndaş cizgiləri əlavə etmək niyyətində deyil. Onlar yenə də hər zaman olduğu kimi Azərbaycanın imicini ləkələmək və ölkədə gərginlik yaratmaq üçün konkret sifariş icra edirlər.

- Proseslərin məhz xaricdən idarə olunduğunu necə əsalandıra bilərsiniz?

- Görünən dağa nə bələdçi... Bu insanların aldığı nəfəs belə sifarişlidi. Vaxtilə “milli şura” təmsilçilərinin başqa bir ölkənin dövlət başçısına yalvarışlarla dolu məktub ünvanladıqlarını, ölkənin strateji kursunun dəyişdirilməsi üçün referendum keçirməyə belə hazır olduqlarını və bunu “milli şura”nın təsis bəyannaməsinə qeyd etdiklərini nəzərə alsaq, əlavə şərhə ehtiyac qalmayacaq...

Baxın, bir neçə il öncə Azərbaycanın xarici siyasətinin strateji hədəflərinin dəyişdirilməsi üçün referendum keçirməyə hazır olanlar və bununla bağlı xarici dairələr qarşısında öhdəlik götürənlər indi ölkənin təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş ümumxalq səsverməsinin əleyhinə çıxış edirlər. Təkcə bu fakt Əli Kərimlinin və onunla eyni cərgədə addımlayanların mahiyyətini ortaya çıxarır. Başqa bir məqama diqqət yetirək: Sentyabrın 11-də keçirilmiş mitinqə isə Qərb dairələrinin, habelə bəzi region ölkələrinin yaxından dəstəyi açıq şəkildə müşahidə olundu. AXCP, Müsavat, Ümid, REAL və digər qurumların rəhbərlərinin ABŞ və bəzi Qərb ölkələrinin səfirliklərinə çağırılması, müzakirələrin aparılması,  bundan sonra “milli şura”nın mitinq keçirmək barədə qərar qəbul etməsi, habelə aksiya ərəfəsində ABŞ səfiriliyindən siyasi partiyalara, QHT-lərə intensiv əlaqə saxlanılması və mitinqin dəstəklənməsi xahiş olunması barədə mediada gedən məlumatlar bunu bir daha təsdiq edir. Cəmil Həsənlinin Strasburqa səfəri, ABŞ Konqresində, Haaqada Azərbaycanla bağlı müzakirələrin təşkili göstərir ki, bəzi Qərb dairələri Azərbaycanda vəziyyəti gərginləşdirmək məqsədilə növbəti dəfə hərəkətə keçib.

- Təkcə Qərb dairələrimi?

- Əlbətdə ki, yox. Azərbaycanda marağı olan bütün qüvvələr. O cümlədən bəzi qonşu ölkələrin dini-siyasi qruplaşmaları və s. “İslam Hərəkatı Birliyi” adlanan terrorçu qrupun başçısı Taleh Bağırzadənin və “İslam partiyası”nın rəhbəri olmuş Mövsüm Səmədovun tərəfdarlarının 11 sentyabr mitinqinə qoşulması da bu prosesin bəzi qonşu ölkələrin müəyyən dairələri tərəfindən dəstəkləndiyini aydın göstərir.

Eyni zamanda, nəzərə almaq lazımdır ki, son vaxtlar AXCP ilə Gülən camaatı arasında əlaqələr müəyyən edilib, FÖTO-nun Türkiyədən sonra radikal müxalifət vasitəsilə Azərbaycanda da vəziyyəti gərginləşdirmək planı üzə çıxıb. Bu barədə irəli sürülən təkzibolunmaz faktları diqqətə alsaq, proseslərin vahid mərkəzdən idarə olunduğunu, bəzi maraqlı qüvvələrin isə situasiyadan istifadə etmək niyyətini görmək olar. Göründüyü kimi, ABŞ-Gülən şəbəkəsi-bəzi region ölkələri Azərbaycanda siyasi proseslərin normal axarını çərçivədən çıxarmaq, cəmiyyətdə gərginlik, qarşıdurma  yaratmaq üçün birgə plan həyata keçirirlər. “Milli şura” və AXCP isə Azərbaycana qarşı bu xəyanətkar planın əsas icraçısıdır. Əli Kərimli müxtəlif istiqamətlərdən Azərbaycana qarşı yönəlmiş həmlələri dəstəkləməklə, ənənəvi olaraq anti-Azərbaycan dairələrin sifarişlərini icra etməklə istənilən qüvvə ilə əməkdaşlığa hazır olduğunu nümayiş etdirir. 

- Sizcə proseslərin nəzarət altına alınması üçün hansı addımların atılmasına ehtiyac var?

- Qardaş Türkiyədə baş verən son hadisələr sübuta yetirdi ki, apardıqları mübarizənin forma və metodlarından asılı olmayaraq xarici dairələrin sifarişi ilə hərəkət edən qruplara və şəxslərə qarşı qətiyyən loyal yanaşmaq olmaz. Zənnimcə, Əli Kərimli və onun ətrafının Azərbaycana qarşı məqsədyönlü təxribatçı fəaliyyətinə son qoyulmalıdır. Artıq bu anti-milli dəstənin tam ifşa olunması, onların ölkənin siyasi səhnəsindən kənarlaşdırılmasının vaxtı çatıb. Bu istiqamətdə konkret hüquqi addımlar atılmalı, Azərbaycan ictimaiyyəti ölkəni xaosa sürükləmək istəyənlərə öz kəskin etirazını çatdırmalıdır. Bu, hər birimizin vətəndaşlıq borcudur.

Xəbər 1107 dəfə oxunub.

YAZARLARIMIZ

SEÇİLMİŞ

SON XƏBƏRLƏR