Elçin Mirzəbəyli
I Avropa Oyunları ərəfəsində növbəti total anti Azərbaycan kampaniyasına start veriləcəyi gözlənilən idi. Bunun əksini düşünmək, zənnimcə sadəlöhvlük olardı. Təsəvvür edin, müstəqilliyimizin ilk illərindən hər addımımızı təftiş edən, üzərimizə yürümək üçün ən kiçik bir imkandan yararlanmağa çalışan və bunun üçün çeşidli bəhanələr axtaran, erməni işğalına, terrora, soyqırımına, bir milyon insanın ayaqlar altına atılmış hüquq və azadlıqlarına kor olub, 3-5 nəfər satqının, nanəcibin, ayağısürüşkənin, qatilin, potensial terrorçunun... müdafiəsinə qalxan dövlətlərin ofşor beynəlxalq təşkilatları I Avropa Oyunlarının Azərbaycanda keçirilməsini alqışlayırlar... Bu hadisəni idman bayramı adlandırır, sülhə, əminamanlığa, əməkdaşlığa yol açacağını bildirirlər...
İnandınızmı?
Artıq dünyada belə nağıllara kimsəni inandırmaq mümkün deyil. Bu, İraqa, Liviyaya, Suriyaya... raket başlıqlarında ölüm deyil, həyat daşındığına inanılacaq qədər imkansızdır...
Qan və istila
...Ayrı-ayrı güclərin, ofşor beynəlxalq təşkilatların Azərbaycana düşmən kəsildiklərini faktlarla sadalayanda, əks qütbdə dayanıb hələ də Qərbin “demokratiya” haqqında nağıllarına sadəlöhvcəsinə inananlar, yaxud inanmaqla görəvləndirilənlər dünyada və regionda baş verən proseslərin, qan və istila qoxuyan strateji hədəflərin fərqinə varmadan bəsit bir sualla çıxış edirlər: Azərbaycandan nə istəyirlər? Yaxud, torpaqlarının 20 faizi işğal altında olan 10 milyonluq bir ölkə dünyanı idarə edən güclərə və onların ayaqlarına bağladıqları ofşor köpəklərinə nə edib? Və dərhal “Rusiya” arqumenti çıxır ortalığa... Gözü ayaqlarının altından o tərəfi görməyən bu taxtabaşlar üçün sadəcə 2 qütb və bu qütblər arasında manevr etmək imkanları var, vəssalam. Amma qafaları talada oturacaq yerinə istifadə olunmağa belə yaramayan bu kötükbeyinlər Rusiya ilə bağlı reallıqların ortalıqda olduğunu hətta reflektiv olaraq qəbul etmək istəmirlər.
Rusiya ilə bağlı məsələ aydındı. Bu ölkə Azərbaycan torpaqlarının işğalı prosesində Ermənistana hərtərəfli dəstək verib, işğalçı dövlətin hərbi-siyasi müttəfiqdir, Ermənistanı özünün forpostu hesab edir və bu ölkədə öz hərbi bazasını saxlayır. Bəs qarşı tərəfdəkilər?
1. İşğala məruz qalan ölkəyə yardımları məhdudlaşdıran 707-ci düzəlişi hələ də qüvvədə saxlayırlar.
2. Ermənistana və işğal altında olan Azərbaycan torpaqlarındakı marionet-separatçı rejimə maddi və siyasi dəstək verirlər.
3. İşğal altında olan Azərbaycan torpaqlarının qeyd-şərtsiz azad edilməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələrinin yterinə yetirilməsi istiqamətində heç bir addım atmır, əksinə bütün vasitələrlə mövcud status-kvonun qorunub saxlanmasına, Azərbaycanın təslimçi sülhə sövq edilməsinə, Azərbaycan xalqının müqavimətinin qırılmasına cəhd göstərirlər.
4. Ermənistanda insan hüquq və azadlıqlarının kobud şəkildə pozulmasına, dövlətin yüksək vəzifəli şəxslərinə qarşı həyata keçirilən terror aksiyalarına, dinc əhalinin gülləbaran edilməsinə, prezidentliyə namizədin güllələnməsinə... göz yumur, Azərbaycanda isə ailə-məişət zəminində baş verən hadisələri belə insan hüquq və azadlıqlarını məhdudlaşdıran müdhiş faktlar kimi qələmə verməkdən çəkinmirlər.
5. Ukraynada baş verən hadisələrlə bağlı Rusiya kimi güc mərkəzinə, nüvə dövlətinə sanksiyalar tətbiq edir, bir qərinəlik erməni işğalına münasibətdə isə nəinki anoloji addımlar atmır, əksinə, təcavüzkarı himayə edir, stimullaşdırır, işğalın davam etməsi üçün əllərindən gələni əsirgəmirlər.
6. Azərbaycan torpaqlarını işğal altında saxladığına görə, beynəlxalq hüququn təməl prinsiplərindən və BMT TŞ-nin müvafiq qətnamələrinin tələblərindən çıxış edərək Ermənistanla sərhədlərini rəmzi olaraq bağlı saxlayan Türkiyəyə qarşı müxtəlif təhdidlərə əl atır, sərhədlərin açılması üçün ardıcıl və kampaniya xarakterli addımlar atırlar.
7. “Dağlıq Qarabağdakı ermənilərin azərbaycanlılarla birgə yaşamasının mümkünsüzlüyü” barədə erməni təbliğatının əsas şüarını həqiqət kimi təqdim etmək üçün total kampaniya aparır, Azərbaycana dövlətinə və xalqına qara yaxmaq üçün yarışa çıxırlar...
Bu siyahını sonsuza qədər uzatmaq olar. Sadəcə buna ehtiyac duymuram. Onsuz da anlamaq istəyən üçün bir işarə də yetərlidir, istəməyən isə onsuz da anlamayacaq.
President texnologiyası
Azərbaycanda gerçəkləşdirilən mühim beynəlxalq tədbirlər öncəsi ölkəmizə qarşı aparılan total qarayaxma kampaniyası isə, əsasən yuxarıda sadaladıqlarımın son müddəasını sübuta yetirmək, “Azərbaycanda insan hüquq və azadlıqlarının pozulması” ilə bağlı beynəlxalq ictimai rəy yaratmaqla ölkəmizin mövqelərini zəiflətmək, Qarabağın Azərbaycandan qopardılması üçün əlverişli zəmin yaratmaqdan ibarətdir. Biz artıq bu prosesi Avroviziya müsabiqəsi zamanı yaşamışıq. Təcrübəmiz və immunitetimiz var. Beynəlxalq tədbirlər zamanı dünyanın diqqəti, adətən belə tədbirlərin həyata keçirildiyi ölkələrdə olur. Azərbaycanı sevməyən dairələr şübhəsiz ki, bu məqamı xüsusi diqqətə alırlar. Belə vəziyyətlərdə əks-təbliğat üçün böyük vəsaitlər xərcləməyə, imitasiya xarakterli addımlar atmağa ehtiyac qalmır. “Fitil”in yandırılması üçün bir qığılcım yetərli olur. Müxtəlif ölkələrdə kompakt və idarə olunan şəkildə sınaqdan keçirilən səhnələrin daha geniş miqyasda tətbiq olunması üçün əlverişli imkan yaranır. Əks təqdirdə, siyasi texnologiyaların sınaqdan keçirilməsi üçün xərclənən vəsaitlər boşa getmiş olardı... Mənzərə aydın olsun deyə, konkret nümunələrə müraciət edək:
2013-cü ildə Böyük Britaniyanın Enniskillen şəhərində “G8”-in zirvə toplantısı keçirilir. Toplantı öncəsi Enniskillen. London, Belfast və digər şəhərlərdə sammit əleyhinə kütləvi etiraz aksiyaları gerçəkləşdirilir. Azacıq vaxt sərf edib araşdırma apardıqda bəlli olur ki, aksiyaların təşkilatçıları əsasən ABŞ, Britaniya və digər ölkələrin dövlət qurumlarının maliyyələşdirdiyi fondlardan dəstək alan qeyri-hökumət təşkilatlarıdır... Əcəba, bəs bu dövlətlər hansı səbəbdən öz tədbirlərinə qarşı etiraz aksiyalarının təşkili üçün maliyyə vəsaiti ayırırlar? Cavabı çox sadədir: President yaratmaq, daha geniş miqyasda tətbiq olunacaq siyasi texnologiyaları sınaqdan keçirmək və sadəlöhvləri “fışqıran” demokratiyaya inandırmaq üçün...
Həmin o Kerri...
...Qayıdaq I Avropa Oyunlarına.
Bu mühim idman hadisəsinin Azərbaycanda keçiriləcəyi ilə bağlı qərar elan olunduqdan dərhal sonra, para qoxusu alan ənənəvi nüfuz müvəkkilləri, Ermənistanla, erməni diaspor təşkilatlarının himayə etdiyi təşkilatlarla əlaqədə olan qrant dəllalları hərəkətə keçib ofşor beynəlxalq təşkilatları “layihə” yağmuruna tutmuşdular. Ekologiyadan başlamış insan hüquq və azadlıqlarının “müdafiəsi”nədək bütün planlar cızılmışdı. Layihə sifarişlərinin minimium məbləği 100 min avronu, yaxud bu rəqəmin ABŞ dolları ilə ekvivalentini ötürdü. Bəziləri hətta uzağa gedərək, oyunlarda iştirak edəcək və Ermənistanın “sülhsevər” obrazının yaradılması missiyası ilə görəvləndirilmiş erməni idmançılarla görüşlər keçirmək, onlarla həmrəylik nümayiş etdirmək həvəsinə düşmüşdülər. Bakıda “Qrant Dink” və “Gəzi olayları”na bənzər proseslərin stimullaşdırılması da göz önünə alınmışdı... Amma baş tutmadı...
Planların öncədən ifşası “memar”ları və “mühəndis”ləri əməllicə qəzəbləndirildi. İflasın qarşısını almaq, ən azından bu prosesdən minumum itkilərlə sıyrılmaq üçün əsas fiqurlar “oyun meydanı”na atıldılar. Və ABŞ dövlər katibi Con Kerriyə ünvanlanan müraciətlə bəlli səbəblərdən açıqlanmayan bütün məqamlar gün işığına çıxdı...
Nə üçün Con Kerri? Maraqlıdır, ABŞ kimi superdövlətdə kifayət qədər yüksək vəzifə tutan, haqqında Vyetnam müharibəsində iştirakı və göstərdiyi “qəhrəmanlıqlar”la bağlı çoxsaylı mübahisəli faktlar olan Kerrinin Azərbaycana qarşı qərəzinin səbəbi nədir? Şübhəsiz ki, Azərbaycandan heç kim onun Vyetnam müharibəsində yaralanmadığını iddia etməyib və məhz bu səbəbdən ona təqdim olunmuş “Al ürək” (Purple Heart) medalını geriyə qaytarmalı olduğu barədə məsələ qaldırmayıb. Bütün bu hadisələr ABŞ-ın yüksək hərbi dairələrində baş verib. Və Kerriyə qarşı ittihamlarla çıxış edənlər də onun cəbhə yoldaşları olublar.
Amma nəzərə alsaq ki, Kerrinin siyasi karyerası Kaliforniyadan sonra ən çox erməninin yaşadığı Massaçustes ştatından başlayır və erməni diasporunun nümayəndələri bu ştatda böyük maliyyə imkanlarına malikdirlər, o zaman ABŞ dövlət katibinin Azərbaycana olan “sevgi”sinin haradan qaynaqlandığını başa düşmək olar.
Bu “sevgi” 1990-cı il yanvarın 18-də ABŞ Konqresinin Kerri də daxil olmaqla 4 üzvü tərəfindən Mixail Qorbaçova ünvanlanan müraciətdə də özünü büruzə verir. Müraciətdə azərbaycanlılardan ibarət qruplar tərəfindən Azərbaycanda erməni əhalinin qətlə yetirilməsi, Bakının erməni əhalisinin əmlakının qarət edilməsindən ciddi narahatlıq ifadə olunur: “Ümid edirik ki, Siz həmçinin bir çox amerikalı və digər əcnəbilərin işləməyə davam etdikləri zəlzələ zonasında Qarabağ və Ermənistanın iqtisadi blokadasını aradan qaldıracaqsınız. Azərbaycan əhalisinin dəhşətli dərəcədə hiddətlənməsi 160 min Dağlıq Qarabağ ermənisinin Ermənistanla birləşməsinin zəruriliyini bir daha önə çəkir. 70 il ərzində Azərbaycan hökuməti yalnız region əhalisinin mədəni hüquqlarını məhdudlaşdırmağa, habelə region əhalisinin 60%-nı təşkil edən Dağlıq Qarabağermənilərinin iqtisadi diskriminasiyasına nail olub. Biz Sizdən təkidlə xahiş edirik ki, baş verən faciəni Qarabağ xalqının Sovet dövləti çərçivəsində gələcək siyasi və mədəni mənsubiyyətini seçmək hüququnu tanımaqla həll edəsiniz”.
Con Kerri Massaçustes ştatından senator olduğu 28 il ərzində hər zaman ermənilərin və Ermənistanın yanında olub (Massaçustes ABŞ-da rəsmi Vaşinqtonu Dağlıq Qarabağı tanımağa çağıran qətnamə qəbul etmiş yeganə ştatdır).
Kerri işğala məruz qalan Azərbaycana yardımları məhdudlaşdıran məhşur 907-ci düzəlişin müəlliflərindən biridir.
Məhz Kerrinin sayəsində ABŞ Senatında Ermənistana bu ölkənin daimi ticarət tərəfdaşı statusu verən 1557 saylı qətnamə qəbul olunub. Bu xidmətlərinə görə, ABŞ-dakı erməni diasporu və Amerika Erməni Milli Komitəsi (ANKA) Con Kerrinin “erməni xalqı qarşısındakı 30 illik xidmətlərini nəzərə alaraq” 2004-cü ildə keçirilən prezident seçkilərində onun namizədliyini müdafiə edib.
ABŞ dövlət katibinin tərcümeyi-halında nəzərə çarpan ən maraqlı məqamlardan biri onun İrana silah satışı ilə bağlı 1985-ci ildə Senatda başladığı araşdırma ilə bağlıdır. Tarixə “İranqeyt” adı ilə düşən bu qalmaqallı olayın iştirakçılarından birinin adının Kerriyə unvanlanan məlum müraciətdə ön sırada yer alması olduqca maraq doğurur. “Azərbaycanın cəzalandırılması” üçün Con Kerriyə ünvanlanan müraciəti imzalayan Elliot Abrams 1985-ci ildə qadağalara baxmayaraq İrana silah satışında iştirak etdiyi üçün mühakimə olunub. Kerrinin ona münasibətdə humanist davranışı və ata Buşun səyi nəticəsində Elliot Abrams haqqında çıxarılan hökm ləğv edilir. Göründüyü kimi, cənab Abrams Kerrinin 30 il öncə nümayiş etdirdiyi humanist davranışın qarşılığını verməyə çalışır.
Kerriyə ünvanlanan müraciəti imzalayan şəxslərin bir çoxu haqqında Azərbaycan mediasında bu günədək kifayət qədər məlumat yayılıb. Bu səbəbdən, yuxarıda söz açdığım “gerçəkləşməyən layihələr”lə bağlı olan şəxslərin personasına diqqət çəkməyə çalışacağam:
Morton Abramoviç – ABŞ-ın Türkiyə və Tailanddakı sabiq səfiri, Karnegi Fondunun və NED-in sabiq sədri və ən əsası “Gəzi parkı olayları” və Türkiyə-Ermənistan protokolları layihələrinin ideoloji atası və dəstəkçisi.
Erik Çenovet – “Narıncı” inqilabların tədqiqatçısı və nəzəriyyəçisi. Gürcüstanda və Ukraynada həyata keçirilən layihələrdə fəal şəkildə iştirak edib.
Məlum müraciətə imza atan digər şəxslərin, məsələn, “Foreign policy” (Xarici siyasət) jurnalına yazdığı məqalələrdə Azərbaycanı “anti Ermənistan təbliğatı” aparmaqda suçlayan Ələkbər Raufoğlu kimilərin üzərində dayanmayacağam. Onsuz da hər şey göz qabağındadır. Görmək istəyənlər görə, görmək istəməyənlər isə, daha öncə də qeyd etdiyim kimi talada kötük funksiyasını yerinə yetirə bilərlər. Hər kəs seçimini özü edir. Bizim seçimimiz Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyünün təmin olunması, inkişafı və rifahıdır. Bu yolda Tanrı yardımçımız olsun!
Tanrı Azərbaycanı qorusun!