İrandan Azərbaycana daxili orqanlarında küllü miqdarda narkotik vasitə olan heroin keçirən şəxs tutulub.
Aktual.az report-a istinadən bildirir ki, Astara Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının rayon ərazisində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan, rayonun Şahağacı kənd sakini 33 yaşlı Ramil Ağaddin oğlu Qurbanov saxlanılıb. Astara RPŞ-dən "Report"a bildirilib ki, R.Qurbanov heroini İrandan Azərbaycana öz daxili orqanında keçirib: "Astara RPŞ-nin əməkdaşları əməliyyat məlumatı əsasında Ramil Ağaddin oğlu Qurbanovu şübhəli şəxs qismində saxlanyıb.
O, xəstəxanaya aparılıb və həkim nəzarəti ilə daxili orqanından yeddi bükümdə, ümumi çəkisi 50 qram olan heroin aşkar olunaraq maddi sübut kimi götürülüb. İstintaq zamanı məlum olub ki, R.Qurbanov narkotik vasitəni öz daxili orqanında gömrük nəzarətindən gizli, yəni qaçaqmalçılıq yolu ilə İran İslam Respublikasından Azərbaycana keçirib. R.Qurbanov istintaqa narkotik vasitəni İran vətəndaşı Hüseyn adlı şəxsdən aldığını deyib".
Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.3.2, 234.4.1 və 234.4.3-cü maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.