Regionlarda istirahət edən yerli və xarici turistlərin sayı isə 800 minə yaxınlaşıb.
2016-cı ilin 9 ayı ərzində ölkəmizə gələn xarici turistlərin sayı 1 milyon 719 min 15 nəfərə çatıb, bununla da keçən ilin müvafiq dövrü ilə müqayisədə 169 min 430 nəfər (10,9%) artım qeydə alınıb.
Aktual.az-a Mədəniyyət və Turizm Nazirliyindən verilən məlumata görə, analoji dövrdə təkcə BƏƏ-dən Azərbaycana səyahət edənlərin sayında keçən ilin müvafiq dövrü ilə müqayisədə 34 dəfə artım müşahidə edilib.
Digər tərəfdən, keçən ilin 9 ayı ilə müqayisədə cari ilin müvafiq dövrü ərzində Rusiya Federasiyası (7,6%), Qazaxıstan (17,2%), İran (62,9%) və s. ölkələrdən Azərbaycana gələn turistlərin sayında artım baş verib.
Bununla yanaşı, yay mövsümü ərzində ölkə daxilində istirahət edən turistlərin sayında da artım müşahidə edilib. Belə ki, 2016-cı ilin yay mövsümü ərzində ölkəmizin regionlarında istirahət edən yerli və xarici turistlərin sayı 751 min 353 nəfər olub, bununla da 2015-ci ilin müvafiq dövrü ilə müqayisədə 23,5% artıb.